30 yanvar 2011 00:52
Arif Əsədov: Hamımız səhv edə bilərik
“Neftçi”nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində son yoldaşlıq oyunundan, komandasındakı son durumdan danışıb.
- Avstriyalılarla oyundan başlayaq. Birinci və ikinci hissələr arasındakı fərq yenə dərhal hiss olunurdu...
- Bu, oyundu və fərqlər olmalıdı. İkinci hissədə mən bir neçə taktiki sxemi sınaqdan keçirdim. Məsələn, komanda iki forvardla oynayırdı – Mpenza və Nasimovla. Mənə vacibdi ki, onlar birgə meydanda necə təsir bağışlayırlar? Bahodirin iki qol vurmasına baxmayaraq, hiss edirəm ki, hələ bütün oyunlarımıza hazır deyil. Bacardığı oyunun 60-70 faizini sərgiləyə bilir. “Arsenal” ilə oyunla müqayisədə bu dəfə onu daha çox yükləməyə çalışdıq. Oyundan-oyuna bu artım davam edəcək və getdikcə tam formasını bərpa edəcək.
- Bu günkü rəqibinizi necə dəyərləndirərdiz?
- Biz özümüz güclü rəqibə qarşı oynamaq istəyirdik. Buna görə də “Şturm”u seçmişdik. Bu komandadan atletik oyun gözləyirdim. Həm oyundan, həm də nəticədən razıyam.
- Oyun ərzində iki kobud səhvə yol verən Rauf Mehdiyevin oyununu necə qiymətləndirərdiz?
- O səhv etdi, amma digər epizodlarda da bizi qoldan xilas etdi. İndi biz hamımız səhv, risk edə bilərik. Bu, sadəcə yoldaşlıq oyunudu. Əsas odu ki, bu səhvləri təkrarlamayaq.
- Siz taktiki dəyişikliklərdən danışdız. Axı bütün rəqiblər artıq “Neftçi”nin oyununu bilir. Rəqiblərinizi təəccübləndirəcək yeni variantlar var?
- Gözlənilməzliklər? Onlar olacaq. Başlıcası “Neftçi”nin sxemidi ki, o, dəyişməyəcək. Biz hətta 3 hücumçuyla da oynaya bilərik, amma klubun özünəməxsus oyunu dəyişməməlidi. Kimin hansı mövqedə meydana çıxmasından asılı olmayaraq ən əsas “Neftçi”nin oyunudu. Bizim üçün vacib olan komanda oyunudu. Fikir verdiniz, əsas heyətdə neçə azərbaycanlı futbolçu var idi?
- Yeddi.
- Bu, az əhəmiyyət daşıyan fakt deyil. Onların yaşına da baxın. Bu, bizim gələcəyimizdi.
- Bu, çox yaxşıdı, amma digər tərəfdən komandaya lider lazımdı ki, hansısa çətin anlarda məsuliyyəti öz üzərinə götürə bilsin...
- Georgiyevski, Mitreski, Mehdiyev, Denis, Flavinyo, Məlikov – liderlərimiz bunlardı. Onların yanında gənclərimiz az şey öyrənmir və böyük təcrübə toplayırlar.
- Razılaşın ki, “Neftçi” təzyiq altında çıxış edir, sanki komandadan çempionluq gözləyirlər...
- Bu, doğrudu. Axı “Neftçi” 5 ildi qələbə qazana bilmir. Klubun əvvəlki imicini geri qaytarmaq, əsl gücünü göstərmək lazımdı.
