30 yanvar 2011 16:00
Şahin Diniyev: Bu, məndən asılı deyil
Azərbaycan yığmasının sabiq baş məşqçisi, Rusiyanın “Terek” klubunun keçmiş məşqçisi Şahin Diniyev azerisport.az saytının suallarını cavablayıb.
- Sizin oğlunuz – Kərim Diniyev artıq “Neftçi”nin əsas heyəti ilə məşqlərə başlayıb. Onun karyerasını izləyirsiz?
- Mən çox sevinirəm ki, onda hər şey alınır. Yanvarda o, Rusiyada təşkil olunmuş Qranatkinin xatirəsinə həsr olunan turnirdə uğurla çıxış etdi. Hətta komandasının ən yaxşılarından idi. Ölkə çempionatının gedişində “Neftçi”nin əvəzedici komandasında oynadı, “Arsenal”la yoldaşlıq oyununda 10 dəqiqə forma geydi. Baş məşqçisi ona şans verirsə, deməli Arif Əsədovun xoşuna gəlib.
- Onunla telefonla danışmısız?
- Xeyr, hələlik zəngini gözləyirəm.
- Ümumiyyətlə, “Neftçi”nin təlim-məşq toplanışındakı nəticələrini necə qiymətləndirərdiz?
- Yoxlama oyunları adətən hazırlıq xarakteri daşıyır. “Arsenal” və “Şturm”u yenməklə “Neftçi” öz səviyyəsini göstərdi. Amma komandanın əsl gücünü çempionatda göstərməsi lazımdı.
- Hazırda “Bakı” ilə “Xəzər Lənkəran”ın işləri elə də yaxşı getmir. Bunlar sözügedən komandanın çempionatda daha uğurlu çıxış etməsinə nə dərəcədə yardımçı ola bilər?
- Mən onların oyununu görməmişəm, ona görə də ətraflı nəsə deyə bilmərəm. Ancaq istənilən qələbə yaxşı bir stimuldu. Məşqçiləri elə etməlidi ki, məğlubiyyət komandanı həvəsdən salmasın. Yeniləri yoxlayanda da düzgün seçim etmək lazımdı.
- Sizcə, bizim klublar niyə məhz Antalyanı seçir?
- Mən həmişə demişəm ki, Türkiyə bizim üçün ən yaxşı seçimdi. Antalyada əla meydançalar var. Həmçinin otellər, sınaqçı rəqiblər baxımından da hər şey çox rahatdı. Qiymətlər də çox baha deyil. Yağışlar ola bilər, amma bu da maksimum 2-3 gün ərzində müəyyən çətinliklər yaradır. Avropada bir qədər soyuqdu, orda toplanış keçirmək bir qədər çətindi.
- Emin Ağayevin “Anji”dəki təyinatını necə qarşıladınız?
- “Anji”nin Ağayevi işləməyə dəvət etməsi məni çox sevindirdi. O, yaxşı futbolçu olub. Klub da onun üçün yad deyil.
- Bəs siz nə vaxt işə başlamağı planlaşdırırsız?
- Bu, məndən asılı deyil. Gizlətmirəm ki, mənə indi heç bir təklif gəlməyib. Mən məcburi istirahətdəyəm.
