30 yanvar 2011 16:11
Neftçi`nin Çernoqoriya çempionu ilə oyununun vaxtı müəyyənləşdi
"Neftçi"nin Türkiyənin Antalya şəhərindəki ikinci təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi növbəti yoxlama matçının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" fevralın 1-də Bakı vaxtı ilə saat 19:00-da Çernoqoriyanın "Rudar" klubu ilə qarşılaşacaq.
Oyun "Mardan Antalyaspor" stadionunun ikinci meydançasında gerçəkləşəcək. Plevlya şəhərini təmsil edən "Rudar" Çernoqoriyanın son çempionudu. Eyni zamanda, bu komanda 2010/11 mövsümündə də qızıl medallara əsas namizədlərdəndi.
Qeyd edək ki, Çenrnoqoriya Futbol Federasiyası cəmi bir neçə il öncə FİFA və UEFA-ya üzv qəbul olunmasına baxmayaraq, bu ölkədə futbol çox inkişaf edib. Təsadüfi deyil ki, hazırda Çernoqoriya yığması AÇ-2012-nin seçmə mərhələsində qrupda İngiltərəni qabaqlayaraq, birinci pillədə qərarlaşıb.
Xatırladaq ki, "Neftçi" ikinci təlim-məşq toplanışında ardıcıl iki qələbə qazanıb. Flaqman "Arsenal"ı (Ukrayna) 2:1, "Şturm"u (Qrats, Avstriya) isə 2:0 hesabı ilə məğlub edib. İlk təlim-məşq toplanışı çərçivəsində isə Rusiyanın “SKA-Energiya” klubuyla 1:1 hesablı bərabərlik qeydə alınmışdı.
