30 yanvar 2011 12:37
“Bu, o demək deyil ki, İnter və Neftçiylə oyunları düşünmürük”
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Haciyevski azerisport.az saytının suallarını cavablayıb.
- Premyer Liqanın qalan dövrü üçün hazırlıqlarınız necə gedir?
- Çox səmərəli. Yoldaşlıq oyunları keçiririk, yeni futbolçuları sınaqdan keçiririk. Prinsipcə, hər şey plan üzrə gedir.
- “Simurq” bu dəfə hazırlıq üçün Bakını özünə məskən seçdi, amma siz “Bakı”nı çalışdırarkən, komandanızı Sloveniyaya, Antalyaya aparardız...
- Biz qərar verdik ki, Antalyaya getmək o qədər də vacib deyil. Enində-sonunda biz Azərbaycanda oynayacağıq. Ona görə də bütün məşqlərimizi “Şəfa” stadionunda həyata keçiririk. Ən vacib olanı isə, bizə qarşıdakı oyunlarda fayda verə biləcək futbolçularla güclənməyimizdi.
- Əgər Camal Məmmədov, Samir Musayev, Emin Quliyev və başqaları mövsümün əvvəlindən sizdə olsaydı, vəziyyət fərqli ola bilərdi?
- Mən ümumiyyətlə “əgər” sözünü sevmirəm. İndiki vəziyyətdə isə bizə mütləq ilk altılığa düşmək vacibdi. Buna baxmayaraq, mən gizlətmirəm ki, bizim əsas məqsədimiz gələcəyin komandasını yaratmaqdı. Bu təcrübəlilərin yanında gənclərimizin də çox şeyi görüb-götürəcəyinə inanıram.
- “Altılığ”a qədərki son üç matçda “Simurq”u çox çətin oyunlar gözləyir. “İnter”, “Neftçi” və “Muğan”la oyunlarda hansı taktikaya üstünlük verəcəksiz?
- Ötən mövsümdən fərqli, bu il bütün oyunlarda qazanılan xallar hesablanır. Ona görə də bizə mümkün qədər çox xal toplamaq lazımdı. Şübhəsiz ki, “Muğan”la oyun daha böyük məna kəsb edir. Çünki onlarla oyunda qazanacağımız xallar “altılıq” dönəmində də bizim üçün mühüm əhəmiyyət kəsb edəcək. Amma bu o demək deyil ki, “İnter” və “Neftçi”ylə oyunları düşünmürük.
- Qış fasiləsindən sonra daha fərqli “Simurq” görə biləcəyikmi?
- Əlbəttə, bizim artıq tam fərqli komandamız var, hansı ki, fərqli də oyun sərgiləyəcək. Yenilər bizə mütləq kömək etməlidi. “Simurq” ümumiyyətlə bənzərsiz komandadı. Komandanın əksəriyyəti yerli futbolçulardan qurulub və əgər işləməyə davam etsək, onda bu, Azərbaycan futbolunun gələcəyidi. Düzdü, məndə “Bakı”da legionerlər çox idi, amma onların yanında azərbaycanlılar da var idi. Hansı ki, elə gənclərdən birini – Səbuhi Həsənovu indi “Simurq”a gətirmişəm.
- Siz komandanızın qarşısına Premyer Liqada qalmaqdan başqa hansısa bir vəzifə qoymusuz?
- Mövsümü mümkün qədər üst pillələrdə bitirməliyik. Bu, çox vacibdi. Baxmayaraq ki, avrokuboklara vəsiqə vermir, əvəzində bizim növbəti mövsümə daha yaxşı hazırlaşmağımıza şərait yaradacaq.
- Keçmiş komandanızın – “Bakı”nın hazırkı durumunu necə dəyərləndirərdiz?
- Mən ancaq öz hazırkı komandamın durumunu dəyərləndirə bilərəm. “Bakı”nın öz baş məşqçisi var.
