31 yanvar 2011 13:42
Vaqif Sadıqov: Onun Anji`dəki gələcək taleyi Hacı Hacıyevin əlindədi
Rusiyanın “Anji” klubunun məşqçisi Vaqif Sadıqov azerisport.az saytının suallarını cavablandırıb.
- Siz artıq Mahaçqala klubuyla müqavilə bağlamısız?
- Mənim işim artıq təsdiqlənib. Klubla 2012-ci ilin yayına kimi müqaviləm var. Çox şadam ki, mənə belə komandada işləməyi etibar etdilər, hansı ki, burda xeyli peşəkarlar çalışır.
- Deyilənə görə, Emin Ağayev seleksioner kimi dəvət olunub...
- Klubdan bu haqda heç nə eşitməmişəm. Odu ki, bu haqda nəsə şərh edə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, Emin Ağayev “Anji”nin keçmiş futbolçularından olub və burda onu çox sevirlər. Onun köməyi bizə mane olmayacaq.
- Mahir Şükürovun işləri necədi?
- O məşq edir, oynayır. Şükürov peşəkardı və öz işini bilir. Bu, çox şeydən xəbər verir. O, hələ birinci mövsümdən göstərdi ki, komandaya çox lazımdı.
- Mahirlə yanaşı “Anji”də indi başqa azərbaycanlı futbolçu da var – Rüstəm Abbasov...
- Abbasov müdafiəçidi, Tolyattidəki Konoplyev futbol məktəbinin yetirməsidi. Bu, çox məşhur futbol məktəbidi. O, çox ambisiyalıdı və özünü göstərmək istəyir. Çoxlu məşq edir. Sadəcə hələ çox gəncdi və öz üzərində daha çox işləməsi lazımdı. Rüstəm həm də Azərbaycanın gənclərdən ibarət yığmasına çağırılıb, bir neçə oyun keçirib.
- O, klubda qalacaq?
- Bunu deyə bilmərəm. Hər şeyə baş məşqçi Hacı Hacıyev qərar verəcək. Abbasovun “Anji”dəki gələcək taleyi onun əlindədi.
- Sizə məlumdu ki, Hacı Hacıyev haqqınızda xeyli xoş fikirlər söyləyib?
- Mən özüm oxumamışam, amma dostlarım bu haqda mənə deyiblər. Hər bir kəs Hacı Hacıyev kimi mütəxəssisin onun haqqında belə sözlər deməsinə ancaq sevinə bilər. Ümumiyyətlə, “Anji”nin bəxti onda gətirib ki, belə bir məşqçisi var. Mən də belə mütəxəssislə birgə işləməyimə çox şadam. Təəssüf ki, onunla birgə qala bilmədim, Bakıya döndüm. Bu, ailə problemləri ilə bağlıdı. Ona görə vətənə dönməli oldum.
- Qarşınıza hansı vəzifələr qoyulub?
- Biz hələ rəhbərliklə görüşməmişik və vəzifələr haqda danışmamışıq. Ancaq bilirəm ki, “Anji”yə yeni rəhbərliyin gəlişindən sonra maliyyə problemi yoxdu. Hər bir şərait yaradılıb. Yəqin ki, belə şəraitin qabağında ambisiyaları da yüksəkdi.
