31 yanvar 2011 13:38
Abşeron Rusiya çempionu ilə sülh bağladı
Azərbaycan çempionatının birinci divizionunun lideri “Abşeron” Türkiyənin Antalya şəhərində növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Mirbağır İsayevin komandası bu dəfə son Rusiya çempionu olan Sankt-Peterburq “Zenit”i ilə qarşılaşıb və matç 2:2 hesabıyla nəticələnib.
Maraq üçün xatırladaq ki, buna qədər artıq Mirbağır İsayevin yetirmələri qardaş ölkədə 5 sınaq matçı keçirmişdi. Almaniyanın “Vupertal” klubuna 4:2 hesabıyla qalib gələn “Abşeron” Qazaxıstanın “Akjayik” klubunu da 1:0 hesabıyla məğlubiyyətə uğratmışdı. Lakin eyni günə təsadüf edən Gürcüstan “VİT-Corciya”sı (1:2) və Cənubi Koreyanın “Yonsey” klubu ilə duellər çempionatımızın liderinin yenilgisiylə başa çatmışdı. Rumıniyanın “Victoria” klubu ilə son görüş isə qolsuz bərabərliklə başa çatmışdı – 0:0.
