31 yanvar 2011 01:52
Seriya A klubu baş məşqçisini qovdu
İtaliya A Seriyasının cari mövsümündə növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Brescia” klubunun sükanı arxasında çalışan Mario Beretta postundan uzaqlaşdırılıb.
Buna onun komandasının İtaliya birinciliyinin son turunda doğma meydanda keçirilən “Chievo” ilə görüşdə 3 cavabsız qolla məğlubiyyəti səbəb olub. Hələlik, onun postunun kimə tapşırılacağı dəqiq bilinməsə də, klubun rəsmi saytı qarşıdakı turun “Roma” ilə səfər matçına komandanı köməkçi-məşqçi Cüzeppe Yakininin çıxaracağını yazıb.
Qeyd edək ki, “Brescia” A Seriyasının geridə qalan 22 turundan sonra cəmi 18 xalla 20 komanda arasında 19-cudu və elitanı tərk etməyə əsas namizədlərdəndi.
