31 yanvar 2011 17:47
Sadıq Sadıqov Neftçi`nin düşərgəsinə yollandı (FOTO)
"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov bu gün Türkiyənin Antalya şəhərinə gələrək, burada təlim-məşq toplanışı keçən komandanın düşərgəsinə baş çəkib. Azerisport.az xəbər verir ki, klub rəhbəri futbolçu, məşqçi və texniki heyətlə səmimiyyətlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Sadıq Sadıqov flaqmanın Antalyada keçirilən ikinci təlim-məşq toplanışında ardıcıl iki qələbə qazanmasına ürəkdən sevindiyini bildirib: "Çox şadam ki, komandamız təlim-məşq toplanışını uğurla keçir. Həm Ukraynanın "Arsenal", həm də Avstriya "Şturm"u üzərində qələbələrə ürəkdən sevindim. Xüsusilə, Avstriyanın ən güclü komandalarından sayılan "Şturm"u məğlub etməyiniz böyük əks-səda doğurub. Bakıda demək olar, bütün futbolsevərlər sizin qələbələrdən danışır".
Qeyd edək ki, yanvarın 24-də start götürən "Neftçi"nin ikinci təlim-məşq toplanışı fevralın 4-də yekunlaşacaq. Klub prezidenti Sadıq Sadıqovun flaqmanın qarşıdakı yoxlama matçlarını izləməsi nəzərdə tutulub.
