31 yanvar 2011 11:54
Vüsal Əliyev: Futbol Koreyada da futboldu
Azərbaycanın ən yaxşı hakimlərindən biri olan FİFA referisi Vüsal Əliyev azerisport.az saytının suallarını cavablayıb.
- Türkiyədəki təlim-məşq toplanışı necə keçdi?
- Mən deməzdim ki, təlimlərimiz çox ağır keçdi. 14 gün gərgin qrafiklə işlədik – səhər saat 7-dən axşam 11-ə kimi. Ancaq bu, sadəcə bizim xeyrimizə oldu. Nə qədər təzyiq altda çalışsaq, çempionatda bir o qədər bizə faydalı olar. Odu ki, mən bu təlim-məşq toplanışından hansısa problem görmürəm.
- Sizin üçün daha çox nə çətindi – fiziki, praktiki, yoxsa nəzəri cəhətdən hazırlıq?
- İlk iki gün ağır olur. Bir az çətini təbii ki, oyunların özünü idarə etməyimizdi. Biz orda çoxlu oyunlar idarə etdik. Hər axşam da onları birgə analiz edirdik. Çünki digər hakimlər də həmin oyunda baxış komissiyası kimi iştirak edirdilər və hər oyundan sonra fikirlərini bildirirdilər. Ancaq onu deməliyəm ki, xarici klublar bizim idarəçiliyimizdən razı qalırdılar.
- Koreyalı hakimlərin bizim Premyer Liqanın, aəzrbaycanlı referilərin isə Cənubi Koreya çempionatının matçlarını idarə etməsi perspektivi yaranıb. Siz buna necə baxırsız?
- Əgər bunu lazımlı hesab edirlərsə, niyə də yox? Əlbəttə, bizə də çox uzaqlarda olan bir ölkənin hakimliyini öyrənmək maraqlıdı, həmçinin onlar da bizi tanıyacaq. Futbol hər yerdə futboldu və qaydalar da ümumidi.
- Oyunlardan sonra analizlər edirsiz. Hansı səhvləriniz olur?
- Belə cavab verim: biz mütləq bəzi maddələri dəyişməliyik – hakimlər arasında meydandakı qarşılıqlı əlaqəni, yer seçimi qaydalarını, qayda pozuntuları və follarla bağlı məqamları. Bu yöndə çoxlu işlər aparılır.
- Tezliklə Premyer Liqa start götürəcək. Psixoloji cəhətdən hazırsız?
- Hamı hakimlikdən razı qala bilməz. Uduzan hər bir komanda oyundan sonra mətbuata açıqlamasında bütün günahı hakimliyin üstünə atır, onun bütün çatışmazlıqlarını açıb-tökür. Təəssüf ki, onlar boşa verilən vəziyyətləri, məşqçilərin, futbolçuların səhvlərindən yox, ancaq bundan danışırlar.
- Siz ən yaxşı hakimlərdən birisiz. Sizcə, hansı komandaların oyunlarını idarə etmək daha çətindi?
- Birinci yerdə “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlar gedir. Bakı və ya Lənkəranda qarşılaşmalarının fərqi yoxdu. Oyun səviyyəsi və azarkeş amili özünü göstərir. “Bakı” – “Xəzər Lənkəran”, “Neftçi” – “Bakı”, “İnter” – “Neftçi” görüşləri də xüsusi qeyd oluna bilər. Ümumiyyətlə, ilk 3-4 komandanın oyunları mənim üçün ağır olur.
- Sizin dördüncü kateqoriyaya aid olan FİFA dərəcəniz var. Bunu daha da yüksəltməyi bacaracaqsız?
- Öncə mən Anar Salmanovu təbrik etmək istərdim. O, gənc və perspektivlidi. Əgər mən də özümdə perspektiv görməsəydim, onda FİFA-ya ərizə yazıb, istefa verərdim.
- İngilis dilini bilməmək hələ də bizim hakimlər üçün əsas problem olaraq qalır...
- Məsələn, mən demək olar ki, bu problemi həll etmişəm. Sevindiricidi ki, gənclər artıq ingilis dilini də öyrənirlər. Bu artıq müsbətə doğru addımdı. Sadəcə bir az vaxt lazımdı.
