2 fevral 2011 00:54
Anji qələbə qazandı, Hacıyev millimizin üzvündən imtina etdi
Mahaçqalanın “Anji” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü Mahir Şükürovun çıxış etdiyi, Emin Ağayevlə Vaqif Sadıqovun çalışdığı Rusiya Premyer Liqa təmsilçisi Özbəkistanın “Şortan” klubuyla qarşılaşıb.
Şükürovun da start heyətində yer aldığı və sonadək meydanda olduğu bu qarşılaşma 2:0 hesabıyla həmyerlilərimizin komandasının qələbəsiylə başa çatıb. “Anji”nin qollarına 55-ci dəqiqədə Slavov, 74-cü dəqiqədə isə Timonov imza atıb.
Baş məşqçi Hacı Hacıyev özbəklərlə görüşdə bu heyətdən istifadə edib: Revişvili, ŞÜKÜROV, Hacibeyov, Tahirbəyov, Ağalarov, Mirzəbəyov (Pameçko, 46), İvanov, Kebe, Timonov, Slavov (Muhammad, 80), Qolenda.
Göründüyü kimi, baş məşqçi Hacıyev komandasında baxışda olan digər azərbaycanlı futbolçu – 21 yaşlılardan ibarət yığmamızın müdafiəçisi Rüstəm Abbasova bu görüşdə şans verməyib. Bu isə, səbəbsiz deyil. Belə ki, rusiyalı mütəxəssis görüşdən sonra verdiyi açıqlamada ondan imtina etdiklərini bəyan edib:
“Biz Roman, Telidze və Abbasovun xidmətindən imtina etdik. Amma digər gənc oyunçulardan Mirzəbəyov pis çıxış etmədi. Düzdü, onda təcrübə çatışmazlığı var. Amma hiss olunur ki, onu hazırlıqlara dəvət etməkdə səhvə yol verməmişik. Həmçinin Muhammad haqda da eyni sözləri demək olar”.
