2 fevral 2011 19:25
Azərbaycan çempionu Avstriya klubunu məğlub etdi
Türkiyədə təlim-məşq toplanışında olan son Azərbaycan çempionu “İnter” bu gün qardaş ölkədəki hazırlıq prosesində yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər” Avstriyanın birinci liqasında mübarizə aparan “Admira Vakker” komandasıyla sınaq matçına çıxıb.
Qarşılaşma komandamızın qələbəsiylə başa çatıb. İlk hissədə Girts Karlsonsun qoluna avstriyalılar cavab verə bilib. Fasilədən sonra isə daha iki qol vuran Azərbaycan çempionu 3:1 hesablı qələbəyə sevinib. Digər qolların müəllifi dubla imza atan Petar Zlatinov olub.
Maraq üçün sonda onu da qeyd edək ki, Kaxaber Sxadadzenin yetirmələrinin bu gün heç də Avstriya klubuyla yox, Polşanın “Gurnik” klubuyla qarşılaşacağı da iddia olunurdu. Hər halda Polşa klubunun rəsmi saytında bu haqda hər cür məlumata rast gəlinməsi belə deməyə əsas verirdi. Baxmayaraq ki, Azərbaycan çempionunun rəsmi saytında bununla bağlı heç bir informasiya yox idi. Maraqlıdı ki, bir sıra aparıcı onlayn saytlar da "İnter"in məhz "Gurnik"lə qarşılaşacağını iddia edirdi. Lakin son anda həmin saytlar da bu səhvi aradan qaldırdılar.
