2 fevral 2011 02:46
Millimiz üçün macarlarla oyun öncəsi ukraynasayağı məşq
Futbol üzrə Azərbaycan millisi bu gün 2011-ci ildə ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, yanvarın 27-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan Berti Foqtsun yetirmələri yeni ilə Ukraynanın “Metallist” (Xarkov) klubuyla görüş ilə start vermiş olacaq.
Millimizin Ukrayna təmsilçisi ilə görüşü daha çox məşq xarakteri daşıyır desək, yəqin ki, yanılmarıq. Hər halda yığma komandanın klubla oyunları FİFA-nın rəsmi reytinqinə salınmadığından, həm qarşı tərəf, həm də millimizin məşqçilər korpusu heyətdəki futbolçuları və müxtəlif taktiki gedişləri sınaqdan keçirməyə üstünlük verəcək. Bu baxımdan komandamızın üzvləri daha çox FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu 9 fevral tarixində keçiriləcək Macarıstanla oyunda qələbəyə köklənməlidirlər. Baxmayaraq ki, elə klub komandası üzərindəki qələbə də həm qarşıdakı vacib sınaq matçına daha yaxşı əhval-ruhiyyədə hazırlaşmaq üçün, həm də komandamızın imici baxımından az əhəmiyyət kəsb etməyəcək.
Maraq üçün bildirək ki, elə yığmamızla keçirəcəyi oyunla Dubay toplanışını yekunlaşdıracaq “Metallist” üçün də qələbə, əhəmiyyətsiz olduğu qədər, bir o qədər də vacibdi. Təbii ki, xarkovluların baş məşqçisi Miron Markeviç sadəcə futbolçularını, taktiki sxemlərini sınaqdan keçirməyə çalışacaq. Ancaq dünən 60 illik yubileyini qeyd edən mütəxəssisin belə əlamətdar günündə yetirmələri çox güman ki, onu qələbəylə təbrik etməyə çalışacaq. Odu ki, komandamızın üzvləri elə bu məqama da diqqət yetirsə, pis olmazdı. Qeyd edək ki, 2005-ci ildən “Metallist”i çalışdırmağa başlayan, ötən il Ukraynanın ən yaxşı məşqçisi seçilən Markeviçin ixtiyarında daha çox yerli futbolçular oynasa da, legionerlər də az deyil.
Futbolçularımız eyni zamanda bu komandanın sadəcə klub və zəif rəqib olduğunu da düşünməməlidi. Ən azı ona görə ki, “Metallist” Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıb və son illərdə kifayət qədər inkişaf etmiş Ukrayna çempionatının təmsilçisidi. Artıq toplanışını bitirmək üzrə olan komandanın indi kifayət qədər hazırlıqlı olması da onlardan çəkinməyi şərtləndirir. Hazırda ölkə çempionatında 3-cü yerdə gedən Xarkov klubu UEFA-nın reytinqində 59-cu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) reytinqində isə 135-cü yerdə gedir.
Berti Foqtsa gəlincə, o, Dubaya 27 futbolçu aparmağa qərar versə də, hazırda onların heç də hamısı sərəncamında deyil. Yığmamızın kapitanı Rəşad Sadıqov Türkiyənin “Eskişehirspor”, Mahir Şükürov isə Rusiyanın “Anji” klubunun düşərgəsində olduğundan, yığmaya yalnız Macarıstanla görüş üçün buraxılacaq. Bunlar azmış kimi, almaniyalı mütəxəssis həkimlərin rəyinə əsasən “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev, “Bakı”nın yarımmüdafiəçisi Əziz Quliyev və “Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğludan zədə səbəbindən imtina etdi. Belədə, Foqts “Metallist”lə görüşdə daha çox gənc və yeni oyunçuları sınamaq məcburiyyətində qalacaq ki, onların da ümumi sayı 22-di.
Yığmamızın bu günkü oyununda forma geyinmək imkanı qazanacaq futbolçuları bunlardı:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Abşeron).
Müdafiəçilər: Vladimir Levin (İnter), Vurğun Hüseynov (Turan), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Samir Abasov (Qarabağ), Elnur Allahverdiyev – (Xəzər Lənkəran).
Yarımmüdafiəçilər: Fabio Luis Ramim (Bakı), Samir Zərgərov (Gəncə), Amit Quluzadə, Cavid Hüseynov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Aleksandr Çertoqanov (İnter), Elnur Abdullayev (Muğan), Elvin Məmmədov (Qarabağ), Arif İsayev (Qəbələ).
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (Bakı), Murad Hüseynov (Qəbələ).
Yoldaşlıq oyunu
2 fevral
16:00. Azərbaycan – Metallist (Xarkov, Ukrayna)
