2 fevral 2011 16:54
Arif Əsədov: O, bu mövsüm bizə kömək edə bilməyəcək
"Neftçi"nin qış fasiləsində ikinci transferi olan azərbaycanlı qapıçı, Türkiyənin "Kartalspor" klubunun qolkiperi Vitali Kovalyovun transferinə baş məşqçi Arif Əsədov da münasibətini bildirib. Azerisport.az xəbər verir ki, o, təcrübəli qapıçının keçidi ilə bağlı bunları deyib:
“Bildiyiniz kimi, komandamızın qapıçılarından biri Paulius Qribauskas cərrahiyyə əməliyyatı olunduğundan, yəqin ki, çempionatın qalan hissəsində bizə kömək edə bilməyəcək. Bu səbəbdən yeni qapıçı almaq zərurəti ortaya çıxmışdı. Kovalyovu transfer edərkən, onun təcrübəsini, eləcə də yerli futbolçu olmasını nəzərə aldıq. Çünki legioner limitinə görə əcnəbi qapıçı almaq heç də məqsədəuyğun deyildi. Onu da deyim ki, Kovalyovla çoxdan maraqlanırdıq. Sadəcə, "Kartalspor" rəhbərliyi onu komandadan buraxmaq istəmirdi. Nəhayət, uzun sürən danışıqlardan sonra Vitalinin özünün də istəyi ilə transfer baş tutdu".
