2 fevral 2011 11:38
Mahmud Qurbanov: Tam fərqli Bakı görəcəksiz
Azerisport.az “Bakı”nın təcrübəli yarımmüdafiəçisi Mahmud Qurbanovun müsahibəsini sizə təqdim edir. O, komandasının Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışı, düşərgədəki əhval-ruhiyyə və futbolçuların yeni məşqçi ilə münasibətləri barədə danışıb.
- Antalyadakı hazırlıq prosesi necə gedir?
- Bütün Azərbaycan azarkeşlərini salamlayıram. Hazırlıq prosesinə gəldikdə, komandamız gündə iki dəfə olmaqla intensiv məşqlər keçir. Bundan əlavə nəzəri məşğələlərimiz olur. Həmçinin yoldaşlıq oyunları keçiririk. Yanvarın 31-də Rumıniya yüksək liqasında çıxış edən “Panduri” ilə oynadıq və qalib gəldik.
- Futbolçular yeni baş məşqçi ilə dil tapa biliblər?
- Baş məşqçimiz Aleksandr Starkov əsl peşəkardı, qısa zamanda futbolçuların rəğbətini qazanıb. Həm tələbkar, həm də ədalətlidi. Münasibətlər öz qaydasındadı, uşaqlar Starkova böyük hörmətlə yanaşırlar. Məşqçi hamıya şans verir, biz də can yandırırıq ki, etimadı doğruldaq.
- “Bakı”nın əsas komandasının təlim-məşq toplanışına dəvət olunan Nurlan Novruzov və Nicat Abdullayev barədə nə deyə bilərsiniz?
- Nurlan Novruzov və Nicat Abdullayevin hər ikisi istedadlı uşaqlardı. Onlarda böyük potensial görürəm. İnanıram ki, inkişaf edib, yüksək səviyyəli futbolçu kimi yetişəcəklər. Klubumuzda gənclərlə iş ən yüksək səviyyədə qurulub. Bunun nəticəsi kimi iki 18 yaşlı yetirməmiz artıq əsas komandaya cəlb olunub.
- Komanda Premyer Liqa və kubok oyunlarına hazırdırmı?
- Deməzdim ki, 100% hazırıq. Ancaq yaxın günlərdə daha yaxşı vəziyyətdə olacağıq. Komandada əhval-ruhiyyə yüksəkdi, uşaqlar "Bakı"nın formasını geyməyin məsuliyyətini anlayırlar. Sizi əmin edirəm ki, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. İnşallah, fevralda tam fərqli "Bakı" görəcəksiniz.
