2 fevral 2011 00:02
Arif Əsədov bosniyalı futbolçuları kobudluqda ittiham etdi
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Antalyada Bosniya və Herseqovinanın “Çelik Zenica” klubu ilə yoxlama matçında qazandıqları 1:0 hesablı qələbə ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, oyun haqda danışarkən, bunları vurğulayıb:
“Əvvəlki oyunlarla müqayisədə, “Çelik Zenica” ilə matç kobudluğuyla yadda qaldı. Rəqib atletik futbola üstünlük verirdi. Biz texnikalı oyun nümayiş etdirdiyimizdən, onlar məcburiyyət qarşısında qalıb, arxadan futbolçularımıza qarşı kobudluq edirdilər. Lakin onların kobud oynamasına baxmayaraq, “Neftçi”nin futbolçuları sonadək mübarizə apardılar. Məhz mübarizliyin sayəsində qalib gəldik.
Oyun üslubumuzu qoruyub saxlamağa çalışırdıq. İkinci hissədə Flavinyonun meydana daxil olması ilə təşəbbüsə tam yiyələndik. Qələbə topunu da elə onun ötürməsindən sonra Bahodir Nasimov vurdu. Bu, bizim ardıcıl 3-cü qələbəmizdi. Təbii ki, qalibiyyətləri sıralamağımız, komandanın düşərgəsində əhval-ruhiyyənin daha da yaxşılaşmasına səbəb olur. Yenə də gənclərin hamısına oynamaq şansı verdik. Fevralın 3-də təlim-məşq toplanışı çərçivəsində axırıncı yoxlama matçını keçirəcəyik. Bundan sonra Premyer Liqa üçün heyəti müəyyənləşdirəcəyik”.
