3 fevral 2011 16:44
Elnur Allahverdiyev: Macarlarla qarşılaşma daha ciddi olacaq
Yığma komandamızın “Xəzər Lənkəran”da çıxış edən üzvü Elnur Allahverdiyev dünən Ukraynanın “Metallist” klubu ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən sınaq görüşündə alınan 0:1 hesablı yenilgiylə bağlı fikirlərini azerisport.az saytına açıqlayıb:
“Bu oyun daha çox yoxlama xarakteri daşıyırdı. Heyətdə çoxlu yeni futbolçular meydana çıxmışdı. Oyun pis alınmadı. Həm də qeyd etmək lazımdı ki, “Metallist” sıradan rəqib deyildi. Ciddi komandadı, hansı ki, Avropa Liqasında Almaniyanın “Bayer” klubuyla oyuna hazırlaşır. Elə oyun başlayan kimi hesabı aça bilərdik. Ukraynalıların bəxti gətirdi ki, top dirəyə tuş gəldi. Düzdü, onların da çoxlu qol vəziyyətləri oldu. Son dəqiqələrdə qol buraxdıq ki, bu da yeni futbolçulara pis təsir etdi. Məğlub olmağımıza baxmayaraq, zəif rəqibə qarşı oynamırdıq” – deyə Elnur millimizin dünənki oyunu şərh edib.
Qeyd edək ki, dünənki oyunda baş məşqçi Berti Foqts sol cinah müdafiəçisi mövqeyində Samir Zərgərovu oynadırmış. Hansı ki, o, bu mövqedə heç də xoş təsir bağışlamayıb. Bu məqamla bağlı Allahverdiyevin dedikləri də kifayət qədər maraqlıdı: “Hamıya məlumdu ki, Samir müdafiəçi deyil. Sadəcə, baş məşqçi onu meydana buraxmaqla, həmin mövqedə sınamaq istəyirdi. Ancaq gizlətmirəm ki, Zərgərov bu mövqedə heç də öz mövqeyindəki qədər yaxşı təsir bağışlamırdı. Foqts özü də bilir ki, bu, onun yeri deyil. Odu ki, burda hansısa təəccüblü bir şey yoxdu”.
“Xəzər Lənkəran”ın müdafiəçisinin sözlərinə görə, digər yenilər də özlərini tam yaxşı tərəfdən göstərə bilməyiblər: “Düzünü desəm, heç digər yeni futbolçular da çox yaxşı oyun sərgiləmədilər. Hiss olunurdu ki, onlar bir az həyəcanlıdılar. Gənclərdə təcrübə çatışmazlığı hiss olunurdu. Düşünürəm ki, onlara uyğunlaşmaq üçün vaxt lazımdı”.
Bütün bunlara baxmayaraq, Elnur baş məşqçinin qarşıdan gələn Macarıstanla daha vacib sınaq matçında eksperimentlər etməyəcəyini gözləyir: “Macarıstanla oyunda baş məşqçinin əsas heyətdə məni də meydana buraxacağını düşünürəm. Ola bilər ki, yenə gəncləri yoxlasın. Ancaq daha bu şəkildə yox. Maksimum iki oyunçu ola bilər. Ona görə ki, macarlarla qarşılaşma bir qədər ciddi oyundu. Onların əsas heyət oyunçuları ilə gəlməsi də təsadüfi deyil”.
