3 fevral 2011 11:34
Ernad Skuliç: Qəbələ ilə oyunda Qarabağ`a azarkeşlik edəcəm
“Bakı”nın yarımmüdafiəçisi Ernad Skuliç azerisport.az saytına müsahibəsində Türkiyədəki hazırkı toplanışdan, sınaq matçlarından və “altılığ”a düşmək şanslarından danışıb.
- Antalya toplanışı başa çatmaq üzrədi. Hazırlıqlar necə gedir?
- Prinsipcə komanda həmişəki qaydada məşqlərinə davam edir. Bu gün biz Almaniya klubuna qarşı sonuncu oyunumuzu keçirəcəyik. Son oyunda mən zədə səbəbindən çıxış edə bilməmişdim. Elə hazırda da əsasən trenajorda çalışmaqla məşğulam. Bütövlükdə isə uşaqlar artıq 4 ağır matç keçiriblər.
- Qarşıda sizi “altılığ”a düşmək üçün çətin oyunlar gözləyir. Ümumiyyətlə, çempionatın qalan hissəsinə hazırsız?
- Çempionatda hələ hər şey itirilməyib. Bizim qarşıda 3 vacib oyunumuz var. Sadəcə biz ötən oyunlarda uşaq səhvlərinə yol verirdik. Heç cür başa düşə bilmirəm ki, biz evdə “Simurq”a necə uduzduq. Hansı ki, hazırda bu 3 xal bizə çox lazımdı. Biz heç rəqibi məyus da edə bilmədik, onlar isə əla oyunla qalib gəldilər. Bütün bunlar isə indi vəziyyəti elə həddə gətirib çıxarıb ki, taleyimiz öz əlimizdə deyil. İnanıram ki, bizim rəqiblərimiz xal itirəcək. “Qəbələ” ilə oyunda “Qarabağ”a azarkeşlik edəcəm. Əgər ağdamlılar qələbə qazansa, biz çox sevinərik.
- Sizə isə “Muğan”, “Turan” və AZAL ilə oyunlardan 9 xalla ayrılmaq lazımdı. Belə demək olar ki, sonuncularla duel həlledici olacaq?
- Əlbəttə. Bizə öncə Salyan və Tovuz klublarıyla görüşlərdə qələbə qazanmaq lazımdı ki, AZAL ilə görüşə də yaxşı əhval-ruhiyyədə çıxaq. Amma böyük ölçüdə hər şey digər oyunlardan asılı olacaq. Ancaq bütün bunlarda günahkar özümüzük ki, başqalarına azarkeşlik etmək məcburiyyətində qalmışıq. “Bakı”sız ilk altılıq isə birinci altılıq olmayacaq.
- Amma çempion olmağınız çox çətin görünür...
- Niyə ki? Əgər biz ilk altılığa düşsək, bizim hər şeyi dəyişmək üçün 10 oyunumuz olacaq. Yəqin ki, ötən mövsüm də çoxları bizim ikinci olacağımızı gözləmirdi. Ancaq mövsümün bizim üçün necə nəticələndiyini siz gözəl bilirsiz – gümüş medallara və ölkə kubokuna sahib çıxdıq.
- Sizdə “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyuna maraq olacaq?
- Əgər liderlər qarşılaşırsa, o zaman bizim üçün başlıca məsələ həmin komandaların hər ikisinin xal itirməsi olar. Odu ki, mən həmin oyunda heç-heçəyə azarkeşlik edəcəm. Amma bütövlükdə çempionluq uğrunda mübarizə son tura kimi davam edəcək. Hansı ki, ötən mövsüm də belə olmuşdu.
- Toplanış zamanı siz hələ məğlub olmamısız. Komanda necə görünür?
- Çətin rəqiblərlə qarşılaşmışıq. Xüsusilə Zaporojye “Metallurq”unu və Rumıniya “Panduri”sini bəyəndim. Özümüzə gəlincə, “Bakı” indi güclüdü.
- Aleksandr Starkov komandaya necə qoşuldu?
- Çox dözümlü məşqçidi. Dərhal hiss olunur ki, o, böyük dəyişikliklər gözləyir. Hələ ilk məşqdən bildirdi ki, biz ancaq ümumi uğurumuzun naminə işləməyə borcluyuq.
