4 fevral 2011 15:57
Bernard Lippert: Arazın davamçıları olacaq
21 yaşadək futbolçulardan ibarət yığma komandamızın almaniyalı baş məşqçisi Bernard Lippert azerisport.az saytına müsahibəsində dünən baş tutan AÇ-2013-ün seçmə mərhələsinin püşkatmasının nəticələrini dəyərləndirib.
İngiltərə, Belçika, Norveç və İslandiya. Azərbaycanın gənclərdən ibarət millisi məhz bu komandalarla eyni qrupda mübarizə aparacaq. Komandamız kifayət qədər çətin bir qrupa düşüb ki, baş məşqçi də bunu istisna etmir: “Şübhəsiz ki, çətin qrupdu. Əgər İngiltərə millisinin baş məşqçisi Stüart Pirs də qrupumuzu kifayət qədər çətin hesab edirsə, daha nədən danışırıq? Hansı ki, İslandiya son seçmə tsikldə Almaniya kimi rəqib üzərində iki dəfə qələbə qazanmışdı”.
Ayrı-ayrı rəqiblərə gəlincə, Lippertin onlarla bağlı düşüncələri belədi: “Norveçin çox əla futbol məktəbi var. Belçika da həmişə yeniyetmə istedadları ilə fərqlənib. Hansı ki, bunu məndən də yaxşı bilirsiz. Odu ki, bizim üçün çətin olacağı dəqiqdi. Təqvim məni qane edirmi? Əvvəl-axır biz qarşımıza çıxan bu rəqiblərlə oynamaq məcburiyyətindəyiq. Sentyabrın 1-də İngiltərə ilə oynayacağıq – hesab edərik ki, uşaqlar məktəbə gedir” (gülür).
Almaniyalı mütəxəssis nəticələrə görə elə də narahat deyil: “Bizim qarşımıza qoyulan başqa vəzifə əsas milli komandaya futbolçular hazırlamaqdı. Ancaq bu, o demək deyil ki, biz nəticə haqda düşünməyəcəyik. Biz mümkün qədər çox xal toplamağa çalışacağıq. Ötən seçmə tsikldə bizə doqquzillik qələbəsizlik seriyasına son qoymaq qismət oldu. Bu dəfə isə mümkün qədər çox xal toplamağa çalışacağıq”.
Lippert həm də hesab edir ki, İngiltərə və digər güclü rəqiblərlə qarşılaşmalar onun yetirmələri üçün tramplin ola bilər: “Ötən seçmə tsikldə Araz Abdullayev Şotlandiya yığmasına qarşı parlaq oyun sərgilədi və İngiltərənin “Everton” klubunun baş məşqçisi David Moyesin diqqətini çəkdi. İndi isə o, artıq Liverpula getməyə hazırlaşır. Bu dəfə də bütün uşaqların belə şansı olacaq”.
