4 fevral 2011 21:48
Qarabağ Antalyadan heç-heçəylə qayıdır (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün qardaş ölkədəki son sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisinin rəqibi Qazaxıstan “Kaisar”ı olub. Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Hər iki qol fasilədən sonra vurulub. Öncə hesabı açan qazaxlar elə avtoqolla da komandamızı yenilgidən qurtarıblar.
Qeyd edək ki, bu, “Qarabağ”ın Antalyadakı 6-cı sınaq görüşü idi. Qurban Qurbanovun komandası Antalyadakı ilk hazırlıq matçında Qazaxıstanın “Jetısu” komandasına məğlub olmuş (2:3), ardından Türkiyənin aşağı liqa təmsilçilərindən “Erdemirspor”a cəmi 45 dəqiqəyə 8 cavabsız qol vurmuşdu. Belə kəskin səviyyə fərqi ortaya çıxınca isə, ikinci hissənin oynanılmasına ehtiyac duyulmamışdı. Ukrayna "İllychivets"i ilə dueldə 2:2 hesablı bərabərliyə razılaşan ağdamlılar, Rumıniyanın “Gaz Metan” klubuna məğlub olmuşdu - 1:2. Azərbaycan U-21-i ilə dünənki görüşdə isə qapılara qol vurulmamışdı.
Maraq üçün bildirək ki, ilk oyununu Qazaxıstan klubuna qarşı keçirən Ağdam klubu elə bu ölkənin təmsilçisi ilə oyunla da Türkiyə toplanışını yekunlaşdırıb, vətənə dönür.
Yoxlama oyunu
3 fevral
QARABAĞ – KAİSAR - 1:1
