4 fevral 2011 18:53
Gəncə 4 futbolçuyla gücləndi
Təlim-məşq toplanışını Gürcüstanın Tiflis şəhərində keçirən “Gəncə” vətənə dönüb. Azerisport.az xəbər verir ki, qonşu ölkədə 3 yoldaşlıq görüşü keçirən komanda ilk iki oyunda meydanı heç-heçə ilə tərk etsə də, sayca üçüncü qarşılaşmada "Dinamo-2" (Tiflis) komandasını 4:0 hesabı ilə məğlub edib.
Bu arada komandanın baş məşqçisi Fuad İsmayılovun verdiyi açıqlamaya görə, Gürcüstan səfərindən sonra yetirmələri ancaq fevralın 12-də AZAL-a qarşı keçiriləcək qarşılaşmaya kökləniblər: “Komandada yüksək əhval-ruhiyyə var. Təlim-məşq toplanışı uğurlu keçdi. Baxışda olan oyunçuları da yoxladıq. Ümidvaram ki, yeni transferlərin və komandamızın öz futbolçularının təcrübəsi yaxşı oyun göstərməyə imkan verəcək”.
“Gəncə” baxışda olan bir neçə futbolçu ilə də ilkin razılığa gəlib. Belə ki, növbəti dövrədən etibarən Asəf Qədiri, Vüsal Hüseynov, Samir Abdulov və Renat Sultanov Gəncənin şərəfini qoruyacaqlar.
