4 fevral 2011 10:23
Neftçi`nin ən çox meydanda olan futbolçusu: Yalnız çempionluq
“Neftçi”nin makedoniyalı yarımmüdafiəçisi Slavko Georgiyevski komandasının Antalyadakı ikinci təlim-məşq toplanışı barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi açıqlamasında bunları dilə gətirib:
“Fiziki, taktiki baxımdan yaxşı hazırlaşdıq. Burada keçirdiyimiz hər 4 yoxlama matçında qələbə qazandıq. Təbii ki, nəticə də bizim üçün vacib idi. Çünki çempionatda qələbələr əldə etməliyik. Qələbəni heç də həmişə yaxşı oyunla qazanmırlar. Lap pis oynasaq belə, qalib gəlməliyik. Hələ mövsümqabağı Avstriya və Türkiyədəki təlim-məşq toplanışları zamanı 5-6 aydan sonra çox yaxşı durumda olacağımızı demişdim. Hazırda “Neftçi” sabit oyun nümayiş etdirir. Biz yalnız çempionluq haqqında düşünürük. Kollektivdə hamı bir-birini yaxşı başa düşür. Klub prezidenti, məşqçilər korpusu, oyunçular, inzibati işçilər - bir sözlə, hamı “Neftçi”nin qızıl medalları qazanmasına çalışır. İnanıram ki, çempionatın sonuna qədər hazırda qərarlaşdığımız birinci pilləni əldən verməyəcəyik”.
Qeyd edək ki, Makedoniya milli komandasının da şərəfini qoruyan Georgiyevski Premyer Liqanın arxada qalan hissəsində “Neftçi”nin heyətində hamıdan çox meydanda olmasıyla fərqlənir.
