4 fevral 2011 11:52
Bakı Antalya toplanışını bitirdi
Antalyada 18 gün davam edən təlim-məşq toplanışını başa vuran “Bakı” vətənə qayıdır. Azerisport.az xəbər verir ki, 2 həftə yarım müddətində intensiv məşqlər edən və yoxlama oyunları keçirən “zolaqlılar” hazırlıq prosesinə yekun vurub.
Xatırladaq ki, Antalyada baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında 5 yoldaşlıq oyunu keçirən “Bakı” bu oyunlarda 3 qələbə qazandı, 2 qarşılaşmada isə bərabərlik qeydə alındı. Qazaxıstanın "Akjayık" (3:0), "Şaxtyor" Karaqanda (1:1), Ukraynanın "Metallurg" Zaporojye (0:0), Rumıniyanın "Panduri" (1:0) və Almaniyanın Oberliqa təmsilçisi "FSV Martinroda" (11:0) klubları ilə qarşılaşan “Bakı” rəqib qapılarına 16 qol vurdu, öz qapısından isə cəmi 1 top buraxdı.
Bu gün Antalyanı tərk edən komanda axşam saatlarında artıq Bakıda olacaq. Hazırlığın növbəti mərhələsi klubun təlim-məşq bazasında həyata keçiriləcək.
