5 fevral 2011 13:04
Çilidə futbol zəlzələsi: Ağılsız məşqçi yığmadan getdi
Ötən il Cənubi Afrika Respublikasında keçirilən DÇ-2010-da uğurlu çıxışı ilə seçilən komandalardan biri olan Çili yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, komandasının həmin uğurlarında böyük pay sahibi olan Marselo Byelsa sürpriz şəkildə istefa vermək qərarına gəlib.
Bununla bağlı təşkil etdiyi mətbuat konfransında Byelsa gedişinin səbəblərini belə izah edib: “Çili Futbol Federasiyası ilə bəzi fikir ayrılıqlarımız yarandı. Bu fikir ayrılıqları onlar üçün önəmsiz ola bilər. Ancaq mənim daha rahat çalışa bilməyim üçün olduqca önəmlidi. Hazırda işlər tamamilə komediya filmləri şəklində davam edir. Yaşananlardan, ya da verdiyim qərardan peşman deyiləm. Çünki bunun günahkarı mən deyiləm”.
Çili mətbuatının yazdığına görə isə, əsas problem Byelsanın federasiya prezidenti Xorxe Seqovia ilə yaşadığı fikir ayrılıqlarından sonra yaranıb. Bu şəxsin hələ federasiya prezidenti seçildiyi dövrdən etibarən yeni baş məşqçi ilə işbirliyindən imtina edəcəyi ehtimalı var idi.
Sonda onu da qeyd edək ki, Çilinin artıq sabiq baş məşqçisi olan Byelsa “ağılslız” ləqəbi ilə tanınırdı. O, daim həyata keçirdiyi kifayət qədər qəribə qərarları ilə jurnalistlər tərəfindən məhz bu ada layiq görülmüşdü.
