5 fevral 2011 13:51
Muğan`ın yeni transferi Nigeriya millisiylə oyundan imtina etdi
Salyanın “Muğan” klubunun İsveç çempionatından gətirdiyi Syerra-Leone millisinin futbolçusu Samuel Barlay yığma komandanın düşərgəsinə dəvət alsa da, bundan imtina edib. Azerisport.az xəbər verir ki, fevralın 9-da Nigeriya millisi ilə keçiriləcək yoldaşlıq matçında baş məşqçi Lars Olof Mattson, Barlayın da xidmətindən yararlanmaq istəyirmiş.
Lakin gənc futbolçu ölkəsinin mətbuatına verdiyi müsahibədə bundan imtina etdiyini və səbəblərini izah edib: “Fevralın 9-da Nigeriya ilə yoldaşlıq oyunu üçün mənə də rəsmi təklif gəldi. Amma Azərbaycan Premyer Liqasında ikinci dövrənin başlamasına çox az vaxt qaldığı üçün bu təklifi müsbət dəyərləndirə bilmədim. Yeni klubumda meydana çıxacağım günü səbirsizliklə gözləyirəm. Ancaq 3 gün sonra Azərbaycanda da klubumla ilk oyuna çıxmalıyam. Bizi “Bakı”yla qarşı çox çətin bir oyun gözləyir. Hansıki “Bakı”nın heyətində həmyerlimiz İbrahim Karqbo da çıxış edir. Düzdü, yığmada çıxış etmək mənim üçün bir şərəfdi. Lakin yeni klubumun əsas heyətində möhkəmlənmək üçün Nigeriya ilə oyunu buraxmalı olacam”.
