5 fevral 2011 15:06
Rəşad Sadıqov üçün Galatasaray`ın düşərgəsindən şad xəbər
Ölkə kubokunda “Gaziantepspor”a 2:3 hesabıyla məğlub olan “Galatasaray”, Superliqanın sabah keçiriləcək “Eskişehirspor”la ev oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi Eskişehir təmsilçisi üçün bəzi sevindirici məqamlar da var.
Məsələ burasındadı ki, çempionluq yarışından çox uzaq düşən “sarı-qırmızılı” düşərgədə zədə epidemiyası da öz təsirini göstərməkdədi. “Ali Sami Yen İdman Kompleksi Türk Telekom Arena”da tərəfdarlarının dəstəyi ilə 3 xal qazanmağı hədəfləyən “Galatasaray”da cəzalı olan Ayhanla yanaşı, zədəli olan Arda, Barış, Pino, Çağlar ve Gökhan Zan da həmyerlimizin komandasına qarşı forma geyə bilməyəcək.
Qeyd edək ki, “Galatasaray” ilə “Eskişehirspor” arasındakı qarşılaşma sabah saat 19:00-da (Bakı vaxtı ilə 21:00) baş tutacaq. Rəşad Sadıqovun bu qarşılaşmada forma geyib-geyməyəcəyinə isə baş məşqçi Bülənt Uyğun qərar verəcək.
