5 fevral 2011 15:58
Əsgər Abdullayev: İngiltərə ilə oyunda da sensasiyaya inanmaq lazımdı
AZAL futbol klubunun sabiq baş məşqçisi Əsgər Abdullayev azerisport.az saytına müsahibəsində gənclərdən ibarət yığmamızın AÇ-2013-ün seçmə mərhələsi üçün püşkün nəticələrni və rəqiblərimizi dəyərləndirib.
- Gənclərdən ibarət yığmamızla maraqlanıdrsız?
- Mən U-21-in iki oyununa baxmışam. Komandada perspektivli futbolçular var ki, xüsusi diqqət tələb edirlər. Əlbəttə, komandanın ideal oyun sərgiləməsindən danışmaq olmaz. Ancaq bu komandanın qarşısında duran bir əsas vəzifə var – milli komandaya futbolçu hazırlamaq, baza rolunu oynamaq. Onlara növbəti seçmə mərhələdə də uğurlar arzulayıram. Rəqiblər güclüdü, ancaq bu, o demək deyil ki, bizimkilər onlardan qorxmalıdı. Əgər biz özümüzə inanmırıqsa, onda heç o oyunlara çıxmağın nə əhəmiyyəti var?
- Komandanın qarşısına əsas yığmaya futbolçular yetişdirmək vəzifəsi qoyulub. Onlar bu vəzifənin öhdəsindən nə dərəcədə gələ bilir?
- Oxşar vəzifə bütün ölkələrin gənclərdən ibarət komandaları qarşısında qoyulur. Ancaq bu, o demək deyil ki, nəticə vacib deyil. Futbolçu öz gələcəyindən məhz oyunuyla xəbər verir. Gənclərimizdə özlərinə inam olmalıdı. Yox özlərinə inanmırlarsa, onda əsas komandaya düşmələri də mümkünsüz olar. Bu inamı gücləndirən isə nəticələrdi. Qarşıdakı oyunlara da indidən psixoloji cəhətdən hazırlaşmaq lazımdı.
- Rəqiblər haqda nə deyərdiz?
- Mən rəqiblərimizin həddən artıq təriflənməsinin əleyhinəyəm. Ancaq eyni zamanda onları düzgün qiymətləndirməyin də tərəfdarıyam. Rəqiblər güclüdü, amma bu, bizi indidən məğlubiyyətimiz haqda düşünməyimizə vadar edə bilməz. Bu oyunlara yaxşı hazırlaşmaq və hər görüşdə maksimuma nail olmaq lazımdı. Onlar qrupdan çıxmaq üçün oynayırlar, biz isə gələcəyimiz üçün oynayırıq. Ona görə də hər oyuna nəticə üçün çıxmaq gərəkdi. Hətta İngiltərə ilə oyunda da sensasiyaya inanmaq lazımdı.
- Неsab etmirsiz ki, əsas komandaya maraq gənclər millisi ilə müqayisədə çox böyükdü?
- Mətbuat daha çox Berti Foqtsun komandasından yazır. Elə azarkeşlər də daha çox əsas komandamızın oyunlarını izləməyə gəlir. Ancaq gənclərdən ibarət millini də unutmaq lazım deyil. Axı bu, əsas komandanın bazasıdı. Əgər həmin futbolçular gənclərdən ibarət millidə azarkeşlərdən dəstək görsələr, onda əsas yığmaya düşmək üçün də daha böyük ruh yüksəkliyi ilə hazırlaşarlar. Bu komandamızın da oyunlarına ciddi yanaşmalıyıq, nəticə tələb etməliyik. Demirəm qrupdan çıxmalıyıq, sadəcə, nəticələrimizi daha da yaxşılaşdırmalıyıq.
- Sizcə, İngiltərə, İslandiya, Norveç və Belçika kimi rəqiblərlə eyni qrupda nəyə ümid edə bilərik?
- Artıq indidən onları necə durdurmaq barədə fikirləşməliyik. Futbolda qarşısıalınmaz komanda yoxdu. Sadəcə öz üzərində işləmək və sensasiyaya cəhd göstərmək lazımdı. Azərbaycanı bütün rəqiblərindən zəif hesab etmək olmaz. Belə biz heç nəyə nail ola bilmərik.
- Sizcə, qrupda neçənci yerə ümid edə bilərik?
- Mən deyə bilmərəm ki, biz 4-cü və ya başqa hansısa bir yeri tutmalıyıq. Əsas olan – oyundu. Yığmamız əsas baxımlı oyun sərgiləməyə çalışmalıdı. Uduzmaq olar, təki layiqli oyun olsun. Yaxşı oyun sərgiləyən komandanın nəticələri də pis olmaz.
