5 fevral 2011 12:31
“Starkov bizdən komanda oyunu tələb edir, müdafiə futbolu yox”
“Bakı” futbol klubunun qapıçısı Marko Şarliya azerisport.az saytına müsahibəsində komandasının Antalya toplanışı və yeni baş məşqçi Aleksandr Starkov haqda fikirlərini bildirib, çempionatdakı şanslarını dəyərləndirib.
- “Bakı”Antalya toplanışını başa vurdu. Nəticəylə bağlı nə deyə bilərsiz?
- Biz 5 yoxlama görüşü keçirdik. Şəxsən mən, hazırlıq prosesindən razı qaldım. Çünki hazırlıq prosesimiz zədəsiz başa çatdı. Başlıcası isə odu ki, biz komandadakı əhval-ruhiyyəni yaxşılaşdıra bildik. Hansı ki, bu, bizə çempionatda, ölkə kubokunda böyük fayda gətirə bilər. Fevraldan başlayaraq, futbolçularımız tam fərqli oyun sərgiləyəcək.
- Son sınaq matçında rəqibinizi 11 cavabsız qolla məğlub etdiniz. Yəni həqiqətən rəqibiniz belə zəif idi?
- Son oyunda mən forma geymirdim. Amma görünürdü ki, yaxşı komandadı. Sadəcə, “Bakı” həddən artıq güclü idi. Onların sadəcə gücü çatmırdı. İlk 20 dəqiqədə bərabərsəviyyəli oyun gedirdi. Ancaq sonradan onlar öz oyunlarını itirdilər. Ona görə də, “Bakı” belə çox qol vurmağa nail oldu.
- Hansı oyunlarda iştirak etdiniz?
- Sadəcə son matçda forma geymədim. Baxmayaraq ki, hər oyunda start heyətində meydana çıxmırdım. Baş məşqçi hamımızı iş başında görmək istəyirdi. Bir oyunda 45 dəqiqə oynadım, digərində 60. Əsas odu ki, bütün komanda əl hazırlıq keçdi. Bizim çox geniş heyətimiz var və təbii ki, heç kim ehtiyatda qalmaq istəmir.
- “Bakı”nın “altılığ”a düşməsi üçün ixtiyarında cəmi 3 oyunu var...
- Biz öz səhvlərimizi başa düşürük. Biz qalan son 3 oyunda ancaq qələbəyə oynayacağıq. Həmçinin gizlətmirəm ki, “Qəbələ”yə qarşı azarkeşlik etməli olacam. İstənilən halda onlar xal itirməlidilər ki, biz də sevinək. Bu hazırlıq prosesi bir daha göstərdi ki, “Bakı”nın potensialı böyükdü və bizə sadəcə bunu göstərmək qalır.
- Ancaq qarşınızdakı rəqiblər “Muğan”, “Turan” və AZAL olacaq...
- Mətbuatdan bilirəm ki, “Muğan”da da yeni futbolçular var. Salyan klubu heç də zəif komanda deyil. Ümumiyyətlə, artıq Azərbaycan çempionatında zəif komana yoxdu. “Muğan” güclənirsə, deməli bizi asan mübarizə gözləmir. “Turan” haqda ətraflı məlumat ala bilməmişəm. AZAL-ın isə nəticələri elə hər şeyi deyir. Bu komanda güclü rəqibdi. İstənilən komandanı xalsız qoya bilərlər. Hər ehtimala qarşı biz bu 3 oyunun hər birində qələbə qazanmağa borcluyuq.
- Bəs yeni baş məşqçiniz Aleksandr Starkov haqda nə deyərdiniz?
- Starkov intizamı sevən məşqçidi və bu, komanda üçün çox faydalıdı. Bizə belə intizam lazım idi. O, gözəl bilir ki, komandada nizam-intizamın olması vacibdi. O, mənim tam ürəyimcədi. Məhz buna görə inanıram ki, tam fərqli “Bakı” görəcəm.
- Latviya mətbuatı iddia edir ki, Starkov müdafiə futbolunu sevir. Oyun planınızda hansı dəyişikliklər olacaq?
- O, bizdən komanda oyunu sərgiləməyimizi tələb edir, müdafiə futbolu yox. Mən deməzdim ki, Starkov müdafiədən oynamalı olacaq. O, məşqdə də bildirirdi ki, futbolu 11 futbolçu oynayır, 4 müdafiəçi yox. Buna görə də hamımızdan eyni vaxtda müdafiə olunmağı, eyni vaxtda da hücuma çıxmağı tələb edirdi.
