5 fevral 2011 12:54
Starkovun Bakı`nı seçməsinin əsas səbəbləri müəyyənləşdi
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov bildirib ki, hazırkı komandasından hələ ötən mövsümün ortalarında təklif alıbmış. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis bu haqda danışarkən, aşağıdakıları dilə gətirib:
“Bakılılar mənə hələ ötən ilin ortalarında müraciət etmişdilər. Lakin o vaxt “Skonto”nu yarı yolda qoyub gələ bilməzdim. Daha doğrusu, mənə yarım il fikirləşmək üçün vaxt verdilər. Bakıda olduqdan, klubla, iddialı prezident Hafiz Məmmədovla tanış olduqdan sonra isə fikrim tam dəyişdi. Klubun bazasını, infrastrukturunu, uşaq futbol məktəbini gördükdən sonra təklif mənə maraqlı gəldi”.
Rusiyadan da ona marağın az olmadığını deyən Starkov “Bakı”ya üstünlük verməsinin digər səbəbini də açıqlayıb: “Rusiyada mənə maraq azalmayıb. Lakin gerçəkləşməyən təkliflər haqda danışmağın tərəfdarı deyiləm. Digərlərindən fərqli “Bakı” mənim həm yığma, həm klubda çalışmağıma imkan verən təklif irəli sürmüşdü. Millidə çalışmaq mənim üçün çox qiymətlidi. Seçmə mərhələni başa vurmaq istəyirəm. Ondan sonra federasiya istər məni saxlayar, istərsə də, yeni baş məşqçi təyin edər”.
Sonda Starkov özündən əvvəlki baş məşqçi – almaniyalı Vinfrid Şefer haqda danışmaqdan imtina edib: “Sələfim haqda danışmaq düzgün olmazdı. Komanda ilə tanış olub gördüm ki, burada yaxşı, iddialı, ağıllı oyunçular toplaşıb” – deyə o, “Sport-Ekspress”ə müsahibəsində bildirib.
