6 fevral 2011 22:55
Rəşadsız Es-Es Galatasaray`dan 4 qol buraxdı (YENİLƏNİB)
Bu gün Türkiyə Superliqasında 20-ci tur çərçivəsində cari mövsüm heç də uğurlu çıxışıyla seçilməyən “Galatasaray” doğma meydanda “Eskişehirspor”la qarşılaşıb. Azerisport.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi Eskişehir təmsilçisi üçün “Ali Sami Yen İdman Kompleksi Türk Telekom Arena”da çıxacaqları ilk matç revanş xarakteri daşıyırdı.
Çünki ilk dövrədə həmyerlimizin komandası doğma meydanda “sarı-qırmızılar”a 1:3 hesabıyla məğlub olmuşdu. Lakin bu dəfə onların istəyi baş tutmadı və yeni arenasında qələbələri sıralayan "sarı-qırmızılar" yenə qələbə qazandılar.
Ötən tur ehtiyatda qalan Rəşadın bu dəfəki matçda da əsas heyətdə meydana çıxmaq ehtimalı az idi. Gözlənildiyi kimi, baş məşqçi bu mühüm qarşılaşmada həmyerlimizə start heyətində yer vermədi. Lakin Rəşad sonradan da meydana daxil olmadan ehtiyatda qaldı.
Maraq üçün qeyd edək ki, bu oyun nəticəsində 28 xalda qalan “Eskişehirspor” 9-cu pilləyə yuvarlanıb və əvəzində "Galatasaray" 8-ci pilləyə yüksəlib (29 xal).
Galatasaray - Eskişehirspor - 4:2 (3:0)
Qollar: Cana, 11, Stanku, 14, Kyuel, 45, Baroş, 81 - Burhan, 75, Ümit Karan, 78.
