6 fevral 2011 15:55
Millimizin baş məşqçisi: Hələ AÇ-yə hazır deyilik
Bakıda keçirilən hazırkı beynəlxalq turnirdə futzal üzrə milli komandamızın ilk oyunu bir sıra suallara səbəb oldu. Özbəkistanla oyunun ilk hissəsində buraxılan səhvlər komandamızın 3 cavabsız qol buraxmasıyla nəticələndi. Lakin son anda toparlanan komandamız fasilədən sonra 5:3 hesablı qələbəni təmin edə bildilər. Elə komandamızın braziliyalı baş məşqçisi Joze Alesio da Silva da azerisport.az saytına müsahibəsində son oyun və millimizin hazırkı durumundan bəhs edib:
- Qələbə qazanmağımıza baxmayaraq, oyunumuzdan narazı qaldım. Xüsusilə də birinci hissədəki oyundan. İlk yarı ümumiyyətlə çətin alındı. Rəqibimiz əks-hücumlarda çox yaxşı oynadı. Nəticədə də fasiləyə elə böyükhesablı darmadağınla yollandıq.
- Özbəklərin 3 qol vurduğu ilk yarıda bizimkilərin fərqələnə bilməməsini nə ilə əlaqələndirərdiz?
- Bilirsiz, biz hələ birinci hissədə qol vurmağa yaxın olduq. Lakin bir neçə qol epizodundan yararlana bilmədik. Hətta elə qol vəziyyətləri oldu ki, uşaqlar həmin anda fərqlənməyə sadəcə borclu idilər. Sadəcə, onlarda bu, alınmadı. Bu da çox pisdi.
- Hiss olunurdu ki, komandamızın üzvləri arasında oyunun əvvəlində bir anlaşılmazlıq var...
- Bəli. İndi belə problemimiz var. Məsələ burasındadı ki, biz yenicə bir araya gəlmişik. Daha doğrusu Maçado, Serjao, Tyaqu – bunlar hamısı başqa ölkələrdə çıxış edirlər. Buna görə də oyunçularımız arasında anlaşma bir o qədər də ideal səviyyədə deyil. Uzun müddət bir arada olmamağımız istər-istəməz oyunumza təsir göstərir.
- Bu turnir sözügedən çatışmazlığın Avropa çempionatına hazırlıq yönündə aradan qalxmasına kömək edə biləcək?
- Biz hələ hazır deyilik. Özünüz də oyunumuza baxdınız ki, necə çıxış etdik. Komandamın sadəcə 50 faiz hazır olduğunu deyə bilərəm. Bizə hələ çox çalışmalıyıq.
Sonda onu da qeyd edək ki, yığmamızın AÇ-nin seçmə mərhələ oyunlarına kimi tam hazır olub-olmayacağı maraq doğurur. Axı artıq fevralın 25-də Azərbaycanı ilk seçmə mərhələ oyunu gözləyir. Millimiz Qazaxıstanla qarşılaşacaq. Bir gün sonra Fransa ilə qarşılaşacaq təmsilçimiz ayın 27-də də İspaniya futzalçılarıyla münasibətlərinə aydınlıq gətirmiş olacaq.
