7 fevral 2011 18:19
Rodriqinyo: Neftçi Santos`dan daha cəlbedici təklif irəli sürdü
“Neftçi”nin yeni braziliyalı yarımmüdafiəçisi Rodriqinyo azerisport.az saytına müsahibəsində yeni komandasından və qarşıdakı “Xəzər Lənkəran”la oyundan danışıb.
- “Neftçi”yə keçidiniz necə baş tutdu?
- Mənə dedilər ki, çox böyük maraqları olan və ambisiyalı klubdu. Bütövlükdə mən Azərbaycana gəldiyimə görə təəssüflənmirəm. İlkin təəssüratlarım hələ ki, müsbətdi.
- Digər tərəfdən siz daha güclü Braziliya çempinatını Azərbaycan birinciliyi ilə əvəzlədiniz...
- “Neftçi” mənə “Santos”dakından daha cəlbedici təklif irəli sürdü. Hər il Braziliyadan çoxlu futbolçu xaricə üz tutur. Mənim ölkəmdə rəqabət kifayət qədər yüksəkdi və hesab edirəm ki, Azərbaycanda özümü göstərə biləcəm.
- Yeni komandanızla bağlı hansı planlarınız, məqsədləriniz var?
- İlk növbədə bu mövsüm çempionatın qalibi olmaq istəyirəm. Ümumiyyətlə, bundan sonrakı gələcəyim “Neftçi”ylə bağlıdı.
- Yəqin ki, yeni ölkəyə uyğunlaşmaq sizin üçün o qədər də çətin olmayacaq. Axı sizin həmyerliləriniz həm komandada, həm də Azərbaycanda kifayət qədərdi...
- Ölkəyə uyğunlaşmaq çətin olmayacaq. Oyun planında yüngül olmayacağını düşünürəm. Azərbaycanda tam fərqli futbol oynanılır.
- Braziliyadakından əsas fərq kimi nələri qeyd edərdiz?
- Mən bir yoxlama matçında iştirak etdim (Çernoqoriya çempionu “Rudar”la (2:1) görüşü nəzərdə tutur –red.) və gördüm ki, burda daha qızğın, gərgin oyuna üstünlük verilir. Düşünmək üçün çox az vaxtın olur.
- “Xəzər Lənkəran”la oyununuz daha gərgin keçəcək...
- Mənə artıq bu görüşün vacibliyi haqda danışıblar. Mən hələ rəqiblə tanış olmağa vaxt tapa bilməmişəm. “Neftçi” hazırda birinci pillədədi və bu üstünlüyünü sona kimi saxlamalıdı. Bu rəqibimizi də məğlub etməliyik.
- Bu oyun haqda sizə nə deyiblər ki?
- Mənə söyləyiblər ki, bu oyun Azərbaycan derbisidi və Premyer Liqanın ən vacib oyunudu.
