7 fevral 2011 12:07
“XL-dan sadəcə Premyer Liqada uğur gözləmək lazım deyil”
Azərbaycanın veteran futbolçusu, hazırda Gəncənin yenidən bərpa olunmaqda olan “Kəpəz” futbol klubunda köməkçi-məşqçi kimi işə başlayan Vidadi Rzayev azerisport.az saytına müsahibəsində bir sıra maraqlı məsələlərlə bağlı fikirlərini açıqlayıb.
- Klublarımızın qış hazırlıq prosesini və transferlərini izləyə bildinizmi?
- İzlədim, amma mətbuata məlum olan qədər. Hər halda bildiyim qədərilə deyə bilərəm, ki klublar bu hazırlıq prosesinə çox ciddi yanaşdılar. Amma onların sınaq matçlarındakı çıxışına qiymət vermək çətindi. Axı baş məşqçilər daha çox yeni futbolçuları sınamağa üstünlük verdiyindən, çoxlu dəyişikliklərə əl atırdılar. Əgər səhv etmirəmsə, “Xəzər Lənkəran” 4 oyunda məğlub oldu. Ancaq bu o demək deyil ki, onlar çempionatda ardıcıl bütün oyunları uduzacaqlar.
- Bu hazırlıq mərhələsindən sonra sizcə nə dəyişdi?
- Bu haqda indidən nəsə demək çətindi. Dəyişiklikləri mövsümün gedişində görə biləcəyik. Bizim klublar indi daha ciddi rəqiblərlə oynamağa başlayıb, nəinki əvvəllər. Hər halda elə “Neftçi”nin Avstriya “Sturm”u ilə qarşılaşması belə deməyə əsas verir.
- “Neftçi” elə də çox transfer həyata keçirmədi...
- Hər halda Arif Əsədov özü daha yaxşı bilir ki, heyətdə hansı mövqelərə oyunçu lazımdı. Yəqin ki, komandasının hansı mövqelərinə oyunçu lazım idisə, onları da aldılar.
- Bəs sizcə, “Xəzər Lənkəran”a bu qədər dəyişiklik lazım idi?
- Bəs sizcə, “Xəzər Lənkəran”a bu qədər dəyişiklik lazım idi?
- Eşitmişəm ki, onların heyətinin yarısı rumıniyalılardı. Mirça Rednik yəqin belə hesab edir ki, heyətin əksər üzvlərinin eyni ölkədən olması komandaya fayda gətirə bilər. Təbii ki, belədə uyğunlaşma prosesi də tez keçəcək. Onlardan sadəcə Premyer Liqada uğur gözləmək lazım deyil. Ola bilər ki, onlar artıq indidən avrokuboklara da heyət qururlar. Radnikin nə dərəcədə düzgün çalışdığını zaman göstərəcək.
- Çoxları qarşıdakı “Böyük oyun”a həlledici qarşılaşma gözü ilə baxır. Siz də belə düşünürsüz?
- Bu qarşılaşma hər şeyin həlli demək deyil. Kimsə uduzsa belə, onun üçün “altılığ”ın gedişində 10 oyun və 30 xal qazanmaq imkanı olacaq. Liderlər arasındakı fərq heç də çox deyil və ümumiyyətlə kimin çempion olacağı qeyri-məlumdu. Hətta “altılıq”dakı digər komandalar da liderlərə bu yolda maneə yarada bilər.
- Bu mənada hansı komandanı daha çox fərqləndirərdiz?
- Bütün komandalar güclənibdi, hamısından sürpriz gözləməyə dəyər. Məsələn, elə “Qarabağ” medallar uğrundakı mübarizəyə yaxından müdaxilə edə bilər.
- Bəs Aleksandr Starkovlu “Bakı”?
- Nəsə demək çətindi. Mən onun komandasını iş başında görməmişəm. Baxaq, görək onlar necə başlayacaq? İstənilən halda Starkova çətin olacaq.
- “İnter” “Birlik Kuboku”ndakı uğurlu çıxışını çempionatda da davam etdirə biləcəkmi?
- Onlar bu turniri çox asanlıqla qazandılar. Sadəcə finalda bir qədər çətinliklə üzləşdilər. İnanmıram ki, onlar bu mövsüm çempion ola bilsinlər. Premyer Liqa “Birlik Kuboku”ndan səviyyəlidi. Elə gücünə görə də çempionatımız o turniri qabaqlayır.
