8 fevral 2011 16:22
Berti Foqts üçün tarixə düşmək şansı
Xəbər verdiyimiz kimi, sabah - fevralın 9-da, saat 21:00-da, Dubay şəhərindəki “Əl Şabab” stadionunda Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu, millimizin tarixində Macarıstan yığması ilə beşinci dueli olacaq.
Berti Foqtsun ilk dəfə qarşılaşacağı bu komanda yığmamız üçün uğursuz rəqibdi. Çünki indiyədək baş tutan bütün matçlarda millimiz meydanı başıaşağı tərk edib. Özü də macarlar hər dəfə millimizi ən azı 3 qolla məyus etməyi bacarıblar.
İndi almaniyalı mütəxəssis bu uğursuz seriyaya son qoymalıdı. Lakin onun da bu tilsimi qırması çətin görünür. Maraq üçün xatırladaq ki, Azərbaycan – Macarıstan duellərində öncə Kazbek Tuayev, sonrakı 2 matçda Vaqif Sadıqov, axırıncı qarşılaşmada isə Əhməd Ələsgərov məğlubiyyətə üzülüb. Bu dəfəki oyunu fərqləndirən əsas məqam isə şübhəsiz ki, sabahkı görüşün yoldaşlıq matçı olmasıdı.
Berti Foqts üçün macarlarla duel başqa bir məqamla da əlamətdar olacaq. Çünki almaniyalı mütəxəssis komandamızı ən çox meydana çıxaran iki mütəxəssisdən biri olacaq. Qeyd edək ki, bu günə kimi sözügedən rekord (33 oyun) hazırda Rusiyanın "Anji" klubunda çalışan Vaqif Sadıqova məxsus idi. 3 müxtəlif vaxtda komandamızı çalışdıran həmyerlimizin rekorduna şərik çıxacaq Foqts bundan sonrakı görüşlərdə də bir qayda olaraq öz rekordlarını yeniləmiş olacaq.
Millimizin Macarıstan yığması ilə indiyə qədər keçirdiyi bütün oyunlar:
10 noyabr 1996-cı il. Bakı. DÇ-nin seçmə mərhələsi. Azərbaycan – Macarıstan 0:3
10 sentyabr 1997-ci il. Budapeşt. DÇ-nin seçmə mərhələsi. Macarıstan – Azərbaycan 3:1
10 oktyabr 1998-ci il. Bakı. AÇ-nin seçmə mərhələsi. Azərbaycan – Macarıstan 0:4
8 sentyabr1999-cu il. Budapeşt. AÇ-nin seçmə mərhələsi. Macarıstan – Azərbaycan 3:0
