8 fevral 2011 19:51
Sadıqov: Türkiyəyə dönəndən sonra çox şeyə aydınlıq gəlmiş olacaq
Azərbaycan yığmasının kapitanı, Türkiyənin “Eskişehirspor” klubunun kapitanı Rəşad Sadıqov aralarında azerisport.az saytının əməkdaşının da yer aldığı jurnalistlərin suallarını cavablayıb.
- Millimizin qarşıdakı rəqibini necə dəyərləndirirsiz?
- Dünən onların Finlandiyaya qarşı seçmə mərhələ çərçivəsindəki oyunlarına baxdıq, hansı ki, macarlar qələbə qazanmışdılar. Mən Macarıstanı hardasa Avstriya ilə eyni gücdə bir komanda hesab edirəm. Dəqiqi bilirəm ki, yüngül oyun olmayacaq. Biz Türkiyə yığması üzərindəki qələbədən sonra inamlıyıq və bu atmosferi korlamaq istəmirik. Ümid edirəm ki, sabahkı oyunda uduzmarıq.
- Belçikanı da Macarıstanla müqayisə etmək olar?
- Bizim iki fərqli oyunumuz olacaq. Belçikayla oyunumuz səfərdə olacaq. Hər halda belçikalılar iddialıdılar və qarşıdakı oyunlarda qələbə qazanmaq istəyirlər. Macarıstanla görüş isə tam fərqli olacaq – boş tribunalar qarşısında, fərqli atmosferdə bir oyun.
- “Eskişehirspor”dan necə əhval-ruhiyyədə gəlmisiz?
- Mən bütün problemlərimi unutmuşam və klubda saxlamışam. Ona görə ki, yığma komandanın kapitanı kimi qarşıdakı oyuna yaxşı və tam şəkildə köklənməliyəm. Həm fiziki, həm də psixoloji cəhətdən bu görüşə hazır olmalıyıq.
- “Eskişehirspor”dan “Qarabağ”a qayıtmaq planınız var?
- Heç kimi aldatmaq istəmirəm. Aydın məsələdi ki, hazırkı klubumdakı durumum qanedici deyil. Fikrimcə, Türkiyəyə dönüşümdən sonra çox şeyə aydınlıq gəlmiş olacaq.
- Foqtsla məsləhətləşməli olacaqsız?
- Ümumiyyətlə, millidə klubdakı problemlərimdən danışmaq istəmirəm. Hazırkı bütün fikirlərim yığmaya yönəlib.
