8 fevral 2011 00:03
Cavadovu Twente`yə aparan məşqçi qovuldu
Türkiyə millisinin hücumçusu Tuncay Şanlının bu günlərdə transfer olduğu Almaniyanın “Wolfsburg” klubu baş məşqçisi Stiv Maklareni qovub. Azerisport.az xəbər verir ki, Bundesliqa klubunun rəhbərliyi uğursuz çıxışın cəzasını məhz baş məşqçiyə kəsib.
Qeyd edək ki, son oyununda səfərdə “Hannover”ə minimal hesabla uduzan “Wolfsburg”da Maklarenin istefası onsuz da son dövrlər gündəmdən düşmək bilmirdi. Nəhayət dünən klubun rəsmi saytı vasitəsilə yayılan açıqlamada ingilis mütəxəssislə yolların ayrıldığı rəsmən elan olundu.
Rəsmi açıqlamada hələlik Maklarenin yerinə köməkçisi Pyer Littbarskinin təyin olunduğu bildirilsə də, klub rəhbərliyi yeni baş məşqçi axtarışlarına çıxıb.
Qeyd edək ki, 2006-2007-ci illərdə İngiltərə millisində də baş məşqçi kimi çalışan Maklaren 2008-2010 mövsümlərində Hollandiya liqasında çıxış edən “Twente”ni çalışdırırdı. Bu klubla bir dəfə də çempion olmuş mütəxəssis ötən mövsüm millimizin hücumçusu Vaqif Cavadovu da komandasına aparmışdı. Lakin yeni mövsüm başlamamış Almaniyaya üz tutmuşdu.
