8 fevral 2011 12:37
“Macarlarla oyuna uduzmaq üçün çıxmırıq”
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçilərindən olan Vəli Qasımov Dubayda azerisport.az saytının suallarını cavablayıb.
- Komandamızın hazırlıq prosesinin gedişini necə qiymətləndirirsiz?
- İlk iki gündə bir qədər çətin idi. Klublardan gələn futbolçular heç də yaxşı vəziyyətdə deyildilər. Ancaq tezliklə məşqlərə alışdılar. Artıq legionerlərimiz – Rəşad Sadıqovla Mahir Şükürov da heyətə qoşulub. Bir sözlə, toplanış yaxşı keçir.
- Siz onların formada olmadığını deyirsiz, amma onlar Antalyadan, birbaşa klublarının təlim-məşq toplanışından gəlirdilər axı...
- Sadəcə səfər yorğunluğu var idi. Digər tərəfdən də görünür, yerli iqlim onları usandırırdı. Ancaq onlar yerli şəraitə uyğunlaşandan sonra hər şey qaydasına düşdü.
- Ancaq 4 futbolçu zədə səbəbindən sırada deyil. Onların zədələnib geri qaytarılmasına məşqçilər korpusunun yükləmələri səbəb olmadı ki?
- Dəqiq deyirəm ki, onlar düşərgəyə elə yarızədəli durumda gəlmişdilər. Biz də öz növbəmizdə onların sağlamlığını riskə atmaq istəmədik və geri qaytardıq.
- Yeni dəvət olunanların arasında çoxlu gənclər var. Onlar qarşıdakı oyunlarda milliyə kömək edə biləcək?
- Onlar ona görə çağırılıb ki, biz yaxından izləyə bilək. Hər biri nəyə qadir olduğunu özü göstərməlidi. Klubdakı oyunla millidəki çıxış fərqli olur. Onlar belə demək mümkünsə, hazırda baxışdadılar.
- Onlar “Metallist”lə oyunda özlərini necə göstərdilər?
- Bu suala artıq mən cavab verməli deyiləm. Amma bir şeyi deyə bilərəm ki, görüş sırf yoxlama xarakteri daşıyırdı. Biz də onların milli formada özlərini necə apardığını görmək imkanı qazandıq.
- Macarıstanla oyunda əsas vəzifə nədən ibarət olacaq?
- Bizə AÇ-2012-nin seçmə mərhələsinin növbəti oyunlarına yaxşı hazırlaşmaq lazımdı. Bu mənada Macarıstanla oyun son yoxlanış olacaq. Ona görə də biz, Belçikaya qarşı oyunun planlarını məhz bu qarşılaşmada qurmalıyıq.
- Macarıstanlı futbolçulardan biri qeyd edib ki, Azərbaycan yığması sınaq matçı üçün heç də layiqli rəqib deyil...
- Mən həmişə oyunu qiymətləndirirəm. Bütün oyunlar fərqli olur. Buna görədi ki, nəticəni də həmişə öncədən müəyyənləşdirmək çətin olur. Görünür o futbolçu komandamızı qiymətləndirmək istəməyib.
- Ümumiyyətlə, macarlarla oyunlar yadınıza düşür?
- Mən onlara qarşı forma geyməmişəm. Ümumiyyətlə, Macarıstan futbolu haqda çox şey bilmirəm. Bizə əsas öz oyunumuzu göstərmək lazımdı.
- Deməli, qələbə qazana bilərik?
- Əlbəttə! Biz ki, meydana uduzmaq üçün çıxmayacağıq.
