9 fevral 2011 13:35
“Türkiyə üzərindəki qələbəmizin təsadüfi olmadığını göstərmək istəyirik”
Yığma komandamızın və “İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanovun Dubayda toplanış çərçivəsində Macarıstanla oyun öncəsi azerisport.az saytına müsahibəsi.
- Macarıstan yığması ilə qarşıdakı oyun barədə nə deyə bilərsiz?
- Bu, Belçika ilə oyun öncəsi son hazırlıq matçımızdı. Baş məşqçimiz Berti Foqts son sınaq öncəsi bütün futbolçuları iş başında, kimin nəyə qadir, hansı formada olduğunu görmək istəyir. Düşünürəm ki, Foqts artıq Belçika ilə oyun üçün heyəti müəyyənləşdirməyə çalışacaq. Odu ki, Macarıstanla oyun tam ciddi xarakter daşıyacaq.
- Rəqibi artıq analiz etmisiz. Macarları necə xarakterizə edərdiniz?
- Macarlar Finlandiyaya səfərdə 2:1 hesabı ilə qalib gəlib. Əks-hücumlarda oynamağı bacarırlar, asanlıqla top saxlayırlar. Ciddi kollektivdi.
- Bu yoldaşlıq görüşündə nəticə nə dərəcədə önəmlidi?
- Nəticə bütün ölkə, bütün azarkeşlər üçün vacibdi. Axı biz onları heç də həmişə yaxşı oyunumuzla, nəticələrimizlə sevindirə bilmirik. Layiqli oyun sərgiləməyə çalışacağıq. Göstərmək istəyirik ki, Türkiyə üzərindəki qələbəmiz heç də təsadüfi deyildi.
- Millinin digər üzvlərindən fərqli olaraq siz “Birlik kuboku”nda da oynamısız, hansı ki, süni meydançada keçirilirdi. Yüklənmə hiss etmirsiz?
- Heç bir problem yoxdu. Biz elə orda da hazırlaşırdıq, elə burdakı kimi. Sadəcə, hər şeyi vaxtında etmək lazımdı, onda alınır.
- Foqtsun adətən sizin çıxış etdiyiniz dayaq yarımmüdafiəçisi mövqeyində Ruslan Abışovu oynatmasından narazı deyilsiz?
- Mən hər oyunda maksimum güc sərf etməyə çalışıram. Qalanını isə baş məşqçi özü seçir. Məni heç bir şey narahat etmir.
