9 fevral 2011 12:32
"Hələ bu səviyyədə məşqlər görməmişəm"
Azerisport.az sizi millimizin düşərgəsinə yeni dəvət olunan futbolçulardan olan Murad Hüseynovun müsahibəsi ilə tanış edir.
- Bu, sizin milli komandamızdakı ilk təlim-məşq toplanışınızdı. Təəssüratlarınız necədi?
- Hələ indiyə qədər belə səviyyədə məşqlər görməmişəm. Mənim təəsssüratlarım ancaq müsbətdi. Hər şey çox maraqlıdı. Çalışacağam ki, özümü sübut edim.
- Berti Foqtsun iş metodu necədi? Hansısa təəccübləndirən yenilik var?
- Bu, hər halda, Avropa səviyyəsidi. Mən Rusiyada, Serbiyada oynamışam və bilirəm ki, orda bir az başqa cürdü. Xüsusilə də ağır yükləmələr, topla oyun. Hər şey fərqlənir.
- Macarıstan yığması ilə sabahkı oyunda debütünüzə inanırsız?
- Çox ümid edirəm ki, millidə debütüm baş tutacaq. Buna hazırlaşıram, özümü oyuna kökləməyə çalışıram. Yığmada oynamağa hazır olduğumu sübut etməyə çalışacağam.
- Millidə rəqabət apardığınız futbolçular haqda nə deyə bilərdiniz?
- Onlar hamısı güclü futbolçulardı. Ümumiyyətlə, yığma komandada zəif futbolçular olmur. Burda Azərbaycanın ən yaxşı futbolçuları cəmləşib. Buna görə hər məşqdə, oyunda əsas heyətə düşməyə layiq olduğunu sübut etməlisən.
- “Qəbələ”yə keçidinizin milli karyeranızda faydalı olacağına inanırsız?
- Yəqin ki, elə də olar. Çünki yığmanın baş məşqçisi məni daha yaxından izləmək imkanına malik olacaq. Harada oynayırsansa, yaxşı çıxış etməlisən. Mənə isə sadəcə özümü göstərmək qalacaq.
- Almaniyanın “Fortuna” klubuna keçidiniz niyə baş tutmadı?
- Məsələ burasındadı ki, mən uzun müddət idi məşq etmirdim. Almaniyanın 2-ci Bundesliqasında oynamağıma imkan verən kondisiyalara malik deyildim. Ancaq yenidən qayıtmağa çalışacam.
- Foqtsla Toni Adamsı müqayisə edə bilməriz?
- Onların hər ikisi məşhur insanlardı. Hərəsi özünə görə yaxşıdı.
