10 fevral 2011 01:38
Berti Foqts: Bunun üçün 5-6 il vaxt lazımdı
Yığmamızın baş məşqçisi Berti Foqts Macarıstana 0:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablayıb.
- Mən bilirdim ki, çətin oyun olacaq. Rəqib bizi sürətdə üstələyirdi. Macarlar Avropanın qabaqcıl çempionatlarında oynayırlar. Hansı ki, həmin çempionatlarda elə də böyük fasilələr olmur və futbolçular da formada idilər. Bu gün mənim üçün yaxşı bir sınaq idi. Mən Macarıstanla oyunda görmək istəmədim bəzi şeyləri gördüm. Biz iki qol buraxdıq ki, bunlar da hücumdan müdafiəyə keçən zaman buraxılan səhvlər nəticəsində baş tutdu. Oyunçulara klublarında daha çox işləmək lazımdı. Onlara bunu başa düşmək lazımdı. Ümid edirəm ki, mart ayındakı oyuna kimi onlar üzərlərində işləyəcəklər və növbəti oyunda onları daha yaxşı formada görə biləcəm.
- Siz oyundan öncəki məşqdə əsas heyətdə yer verəcəyiniz oyunçuların sırasına Elvin Məmmədovu qatmışdınız. Amma bu hücumameylli yarımmüdafiəçi ehtiyatda qaldı. Onun oynamamasına nə səbəb oldu? Deyilənə görə, o, bu haqda yalnız oyunqabağı xəbər tutub...
- Mən bu haqda eşitməmişəm. Ümumiyyətlə, komandanın heyətini oyun günü müəyyənləşdirirəm.
- Murad Hüseynovun oyununu necə qiymətləndirirsiz?
- İdmanda həmişə yenilərlə komanda üzvləri arasındakı anlaşma böyük əhəmiyyət kəsb edir. Başlıcası Muradı belə oyunda meydana buraxıb, ona beynəlxalq oyun təcrübəsini hiss etdirmək idi. Belə oyunlar məhz bunun üçün, başqa oyunçuları da yoxlamaq, onlara şans vermək üçündü. Ancaq biz Murad Hüseynova, Arif İsayevə görə uduzmadıq. Hücumdan müdafiəyə keçərkən səhvə yol verən futbolçulara görə uduzduq. Günahı onlarda axtarın.
- Siz cəmi iki əvəzləmə etdiniz. Belə yoldaşlıq oyununda bu, az deyilmi?
- Mənim digər futbolçuların oyun forması haqda kifayət qədər məlumatım var idi. Buna görə də onlar ehtiyat oyunçular skamyasında qaldılar. Samir Zərgərova gəlincə, onun sürət çatışmazlığı var və buna görə buraxmadım.
- Nə vaxta kimi yığmamız hücumda dişsiz oyun sərgiləyəcək?
- Rəqiblər imkan verənə kimi...
- Hesab edirsiz ki, bir ay sonra Brüsseldə bizə imkan verəcəklər? Ümumiyyətlə, komanda zəif çıxış edir, həm forvardlar, həm cinahlar. Mahir Şükürov öz səviyyəsindən aşağı oynadı, Vaqif Cavadov heç də yaxşı formada deyil...
- Mahir Çernoqoriya ilə oyundan sonra futbol oynamırdı. Rusiya Premyer Liqasında mövsümlərarası fasilədi. Vaqif isə ağır zədədən çıxıb, hələ öz formasını bərpa edə bilməyib. Siz ki daha Cavadovun dostusunuz, mətbuat hər gün onu tərifləyir. Ümumiyyətlə, söyləyin mənə, Azərbaycanda nə qədər yaxşı hücumçu var ki?
- Məsələn, Rauf Əliyev.
- O da ikinci hissədə oynadı. Gün uzun olanda çox şey danışmaq olar (almanlarda deyim – red.).
- Mart ayındakı səfərə kimi problemləri necə yoluna qoymağı planlaşdırırsız?
- Bizim futbolçular Azərbaycan çempionatının zəif tempinə alışıblar. Təkrar edirəm, bizim futbol üçün 5-6 il vaxt lazımdı ki, səviyyəsi yüksəlsin. Onda bəlkə Azərbaycan Macarıstan kimi rəqiblərini asanlıqla məğlub edə bilsin. Həm də Türkiyə və Çexiya üzərindəki qələbələrlə Azərbaycan futbolunun inkişaf etdiyini düşünmək lazım deyil.
- Yığmanın kapitanı Rəşad Sadıqov yenidən “Qarabağ”a qayıdır. Bu, sizi narahat etmir?
- Bəs sizcə, o, niyə əsas heyətə düşə bilmir?
- Ona görə ki, “Eskişehirspor”un baş məşqçisi digər stopperlərə üstünlük verir.
- Hansı səbəbə? Ola bilsin bəlkə başqa bir səbəb var...
- Mümkündü...
- Siz sualınıza özünüz cavab verdiniz. Ümumiyyətlə, mənə Rəşadın oynaması və oyun təcrübəsinə malik olması vacibdi. Mən sevinəcəm ki, o, daim klubunda oynaya biləcək. Ancaq heç də çox yox. Çünki Azərbaycan çempionatına qayıdır.
- 4 ay əvvəlki Sadıqovla indiki arasında fərq var?
- Bu müddətdə onu cəmi 1 oyunda görə bilmişəm. Çünki zədəsi var idi. Mən hiss etdim ki, Rəşad oyun təcrübəsi baxımından da müəyyən qədər geri qalır.
