11 fevral 2011 15:46
Tuyqun Nadirov: Bu, nə Neftçi`yə, nə də XL-a fayda gətirir
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytının suallarını cavablayıb.
- “Neftçi” ilə oyuna xüsusi hazırlaşırsız?
- Ümumilikdə biz sadəcə bu oyuna yox, çempionatın qalan dövrünə hazırlaşırıq. Bizim “Neftçi”siz də kifayət qədər rəqiblərimiz var. Bu görüşdən əlavə xeyli sayda çətin oyunlarımız olacaq.
- Komandanın qarşısına hansı vəzifə qoyulub?
- Digər oyunlarda necə, bu görüşdə də elə. Bizim üçün rəqibin kimliyindən asılı olmayaraq, qarşımızda duran əsas vəzifə qələbə olur.
- Nə əcəb heç-heçəni normal nəticə hesab etmirsiz? Axı Premyer Liqanın lideri ilə, özü də səfərdə qarşılaşırsız...
- Rəqibin kimliyindən və hansı statusu daşımasından asılı olmayaraq, heç-heçə bizim planlarımıza daxil deyil. Axı biz çempionluğa oynayırıq.
- Digər tərəfdən komandanızda çoxsaylı dəyişikliklər də olub. Yəqin ki, oyununuz da əvvəlki səviyyədə deyil...
- Komandamız heç də tanınmayacaq dərəcədə dəyişilməyib. Aparıcı oyunçular yerində qalıb. Gedənlər sadəcə oynamayanlar və komandamızın səviyyəsinə cavab verməyənlər oldu. Yeni gələnlər də hamısı peşəkar futbolçulardı və mövcud boşluqları aradan qaldıracaqlarına inanırıq.
- Yeri gəlmişkən, klub rəhbərliyi kimi “Xəzər Lənkəran”a bu qədər rumıniyalının gətirilməsini artıq hesab etmirsiz ki?
- Komandada elə oyunçular var ki, bir neçə illik müqavilə bağlamışıq. Rumınlar çoxdu, hansı ki, onlarla sözləşməmizin vaxtı yaya kimidi. Ondan sonra isə baxacağıq kimi saxlayaq, kimi yox. Bizim müəyyənləşmiş strategiyamız var və o yolla da gedirik. Qoy heç kim düşünməsin ki, bizdə intizamsızlıq baş alıb gedir. Biz pulumuzu havaya sovurmuruq. Biz bilirik ki, kim hansı qiymətədi.
- Qayıdaq “Böyük oyun”a. Klub bu oyuna necə hazırlaşır?
- Qeyd etməliyəm ki, bir neçə fan-klubumuz Bakıya yollanacaq. Biz onları avtobuslarla təmin etməyə də hazırıq. İndiki halda heç buna böyük ehtiyac olmasa da. Belə oyunlara təkcə Lənkərandan yox, digər regionlardan da az adam gəlmir. Həmçinin Türkiyə və Rusiyadan. Yeri gəlmişkən, biz ötən həftə “Neftçi” rəhbərliyi ilə görüşüb, təşkilati məsələləri müzakirə etdik.
- Azarkeşlərlə bağlı hansı işlər görülür?
- Fan-klublarımızın liderləri ilə görüşlər keçirdik. Təxribatlardan qaçmaqla bağlı öz tövsiyyələrimizi bildirdik. Bundan heç kim qazanmır. Bu, nə “Neftçi”yə, nə bizə fayda gətirir.
- Bu oyunda qarşıdurma gözlənilinir?
- Bu oyunda belə şey gözləmirəm. Adətən belə şeyləri başa düşməyən insanlar edir. Əsl azarkeşlər bayraq yandırmaz, belə hərəkətlər etməz. “Xəzər Lənkəran”ın da elə azarkeşləri yoxdu.
