11 fevral 2011 11:51
Rail Məlikov: Böyük oyundan lap beş ay da danışmaq olar
Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Rail Məlikov azerisport.az saytının suallarını cavablayıb.
- Macarıstanla yoxlama matçında zədələndiniz. Nə dərəcədə ciddidi?
- Düzdü, macarlarla görüşdə zədələndim. Ancaq “Xəzər Lənkəran”la oyunda çıxışıma mane olmayacaq zədə deyil. Buna görə də, bu zədəmin ciddi olduğunu deməzdim. Həkimlər də artıq ayağıma baxıblar və bildirdilər ki, oynaya bilərəm.
- Macarıstana yenilgidən sonra “Neftçi”nin düşərgəsinə hansı əhval-ruhiyyədə qayıdırsız?
- Əlbəttə, əhval-ruhiyyəmiz korlandı. Amma indi klubum üçün çox darıxıram. Qarşıda bizi çətin oyunlar gözləyir. İnanıram ki, bu oyunlara ciddi hazırlaşa və qələbə qazana biləcəyik.
- Qarşıdakı “Xəzər Lənkəran”la oyun demək olar ki, 3 aydı danışılır. Bu, oyunçular üzərində təzyiq və ya həyəcana səbəb olmur ki?
- Bu, elə oyundu ki, ondan lap 5 ay da danışmaq olar. Bu oyuna böyük maraq, tələb var. Ona görə də yaxşı oyun gözləyirəm.
- İki həftəlik Dubay toplanışında “Xəzər Lənkəran”ın oyunçuları ilə “Böyük oyun”dan danışırdınız?
- Hə, zarafatyana söhbətlərimiz olurdu (gülür). Ancaq necə deyərlər, “drujba – drujboy, slujba - slujboy”.
- Zarafatlarınız nəyə aid olur ki?
- Şübhəsiz ki, oyuna. Adətən Kamrana deyirik ki, sənə qol vurduqdan sonra belə sevinəcəyik (gülür).
- Mərkəzi arenada anşlaq gözləyirsizmi?
- Təbii ki! Azarkeşlərimizə səslənmək istəyirəm. Siz bizim 12-ci oyunçumuzsunuz. Siz yanımızda olanda, biz daha yaxşı oynayırıq.
- “Xəzər Lənkəran” azarkeşləri stadionda “Neftçi” tərəfdarlarından çox olsa, bu, sizin üçün problem yaratmayacaq ki?
- Təəccüblü deyil ki, Lənkəranda oynayanda yerli tərəfdarlar daha çox olur. Ancaq Bakıda bizim azarkeşlərimiz üstünlük təşkil edir.
- Bəs oyundan nə gözləyirsiz?
- Ancaq qələbə. Lənkərandakı məğlubiyyətin revanşını götürməliyik.
