12 fevral 2011 14:51
Hollandiyalı məşqçi rəsmən Xəzər Lənkəran`da
Bugün “Xəzər Lənkəran” Futbol Klubu növbəti mühüm müqaviləyə imza atıb. Azerisport.az xəbər verir ki, əsas komanda ilə yanaşı aşağı yaş qruplarını da daim diqqət mərkəzində saxlayan klub bu yöndə növbəti vacib addımını atıb.
Belə ki, təcrübəli hollandiyalı məşqçi Fabian Veldviyk bundan sonra “Xəzər Lənkəran”da çalışacaq. İdman direktoru vəzifəsinə təyin olunan Veldviyk aşağı yaş qruplarına cavabdeh şəxs kimi bu sahəyə bilavasitə nəzarət edəcək.
Müxtəlif komandaların aşağı yaş qruplarında iş üzrə böyük təcrübəyə malik olan Veldviyk bu sahədə ixtisaslaşmış mütəxəssislərdəndi. Karyerası ərzində Hollandiyanın “Sparta” (Rotterdam), “Volendam” və TOGR klublarında uğurlu fəaliyyət göstərmiş məşqçi, həmçinin İngiltərənin “Blekbern Rovers” klubunda da çalışıb. Müxtəlif illərdə UEFA-nın “C”, “B” və “A” lisenziyalarını alan Veldviyk nəhayət 2010-cu ildə ən yüksək məşqçilik kateqoriyası sayılan PRO lisenziyasına da sahib olub. 37 yaşlı mütəxəssis ötən il Hollandiyanın SCO 63 futbol klubu üçün Gənclərin İnkişafı Layihəsini hazırlamaqla öz karyerasında daha bir uğurlu addıma imza atıb.
