13 fevral 2011 12:51
Əfran İsmayılov: Bizim böyük planlarımız var
“Qarabağ”ın və Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində Rəşad Sadıqovun komandaya qayıdışından, zədəsindən, və ölkə çempionatının qarşıdakı oyunlarından danışıb.
- Zədənlə bağlı vəziyyət hazırda nə yerdədi?
- Demək olar ki, artıq zədədən əsər-əlamət qalmayıb. Mən artıq komandayla birgə məşq edirəm. Özümü əla hiss edirəm. Əlbəttə, hələ deyə bilmərəm ki, əla formadayam. Ancaq 70 dəqiqə meydanda mübarizə aparmağa hazıram. Əgər baş məşqçimiz Qurban Qurbanov şans versə, “Qəbələ” ilə oyuna çıxacam. Hansı ki, biz bu oyunun nə qədər vacib olduğunu gözəl bilirik.
- Bu oyun rəqibləriniz üçün də vacibdi...
- Əgər biz qələbə qazansaq, bu, “Qəbələ” üçün böyük zərbə olacaq. Axı çox şey məhz bu oyundan asılıdı. Bizim qarşımıza qələbə qazanmaq vəzifəsi qoyulub. Əminəm ki, “Qəbələ” də özünün ən yaxşı oyununu göstərməyə çalışacaq. Komanda yeni oyunçularla güclənib. Buna görə də, hesab edirəm ki, onlar dekabr ayındakından da yaxşı oyun sərgiləyəcəklər.
- Ümumiyyətlə, bu rəqibi necə xarakterizə edərdiz?
- Komanda yaydan bəri çox dəyişib. Toni Adamsın gəlişindən sonra xeyli legioner də cəlb ediblər. İndi onlar daha yaxşı futbol sərgiləməyə başlayıblar və qarşılarına da böyük vəzifələr qoyublar. Onlarla görüşdə bizi heç-heçə də qane edir. Axı belə olan halda da onlar turnir cədvəlində bizdən aşağıda qərarlaşmış olacaq. Ən başlıca vəzifə ilk altılıqdakı yeri itirməməkdi. “Qəbələ”nin də yaxşı şansları var. Onlar xeyli oyunda ardıcıl olaraq məğlubiyyət tanımadılar. Ancaq biz onları məyus etmək istəyirik.
- “Altılığ”a kimi cəmi 3 oyun qalıb. “Qarabağ”ın şanslarını necə dəyərləndirirsiz?
- “Bakı”, “Qəbələ” və “İnter”dəki kimi. Komandamız qarşıdakı 3 oyunda 9, ən azı 7 xal görürməyə borcludu. Bizim böyük planlarımız var. Öncə “altılığ”a düşmək lazımdı. Ondan sonra isə medallar uğrunda döyüşmək olar. Yayda azarkeşlər bizi avrokuboklarda görməyə alışıb. Ona görə də biz onları yenə sevindirməkdə davam etmək istəyirik.
- Rəşad Sadıqovun “Qarabağ”a dönüşünü necə qiymətləndirirsiz?
- Bütün komanda buna çox sevinir. Heç kim şübhə etmir ki, Rəşad hazırda ölkənin ən yaxşı futbolçusudu və “Qarabağ”ın da lideridi. Mən hesab etmirəm ki, o, “Eskişehirspor”da əsas heyətdə meydana çıxan müdafiəçilərdən zəif idi. Sadəcə zədə səbəbindən o ehtiyata düşdü. Ancaq nə etmək olar? Sadıqov yığmanın oyunçusudu və biz onun ehtiyatda oturmasına baxa bilmərik. İndi o, “Qarabağ”a lazımdı. Qoy həm bizə kömək etsin, həm də azarkeşlərimizi sevindirsin.
- Siz istəmirdiniz ki, o, Türkiyədə qalsın?
- Mən çox istərdim ki, Rəşad Superliqada oynasın və qələbələriylə bizi sevindirsin. Axı o, ölkəmizin azsaylı legionerlərindəndi. Ancaq futbolçu həyatı belədi. Əsas odu ki, o, vaxtında geri döndü. “Qarabağ”ı çətin oyunlar gözləyir və onun bu oyunlarda bizə böyük köməyi dəyə bilər.
