13 fevral 2011 13:21
“İstənilən rəqibə qalib gələ biləcək əla heyətimiz var”
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Premyer Liqanın 20-ci turu çərçivəsində səfərdə qarşılaşacaqları “Qarabağ”la oyun öncəsi şansları dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bir sıra maraqlı fikirlər səsləndirib:
“Qəbələ” çempionata uğursuz başlamışdı. Bu da anlaşılan idi. Futbolçular bir-birinə alışmamışdı. Onlara uyğunlaşmaq üçün vaxt lazım idi. 4 turdan sonra hər şey qaydasına düşdü və onlar “Bakı” ilə son oyuna kimi çox gözəl seriya əldə etmiş oldular. “Qəbələ”nin bu mövsümkü çıxışını normal qiymətləndirmək olar. Biz baş məşqçimizə 3-4 oyunla qiymət vermirik. Onun potensialını açmaq üçün daha çox vaxt vermək lazımdı. Yadınızdadısa sabiq baş məşqçimiz Ramiz Məmmədov 4 il klubumuzda çalışdı. Hansı ki, onun da az problemləri olmamışdı”.
Nəcəfov komandanın Türkiyə toplanışı və tranferlər barədə də danışıb: “Biz 4 yoxlama oyunu keçirdik. Bu oyunlarda yoxlanılan bəzi futbolçular da oldu ki, Toni Adamsın xoşuna gəldi və biz onlarla müqavilə bağladıq. Gedənlərə gəlincə, Rəhman Musayevi “Abşeron”a icarəyə verdik. Pərvin Paşayev isə indi “Muğan”dadı”.
“Biz heç bir rəqibimizə güzəştə getmirik. İnanıram ki, “altılığ”a düşə biləcəyik. Bizim istənilən rəqibə qalib gələ biləcək əla heyətimiz var. Hətta mükafatçılar sırasına da düşə bilərik. İlk “üçlük” bizdən heç də uzaqda deyil. “Qəbələ”nin Avropa Liqasına düşmək üçün çox gözəl şansı var. Ancaq təkrar edirəm: Adamsın qarşısına biz belə vəzifələr qoymamışıq. Biz gələcək uğurları qazanılmasında pay sahibi ola biləcək komanda hazırlayırıq. Bu günkü rəqibimiz “Qarabağ” əla komandadı. Hansı ki, onlar da ilk altılıqdakı yerlərini qorumağa çalışırlar. Bu oyundan çox şey asılıdı. Komandaların şansları bərabərdi” - deyə Nəcəfov ilk altılığa düşmək və "Qarabağ"la oyundakı şanslarını dəyərləndirib.
