13 fevral 2011 02:14
Roberto Karlos Mahir Şükürova komanda yoldaşı oldu
Braziliya yığmasının sabiq futbolçularından olan Roberto Karlos bundan sonra Mahir Şükürova komanda yoldaşı olacaq. Azerisport.az xəbər verir ki, son günlər bu haqda çox danışılsa da, artıq sözügedən futbolçunun məxsus olduğu “Corinthians” klubunun prezidenti Andre Sançes dünən verdiyi açıqlamayla, Karlosu Rusiyanın “Anji” klubuna satdıqlarını bəyan edib.
Mahirlə yanaşı, müvafiq olaraq millimizin sabiq üzvü və çalışdırıcısı olan Emin Ağayevlə Vaqif Sadıqovun da çalışdığı Mahaçqala klubu hələlik bu informasiyanı təsdiqləməyib. Amma “Corinthians”ın prezidenti açıqlamasında bildirib ki, 37 yaşlı sol cinah müdafiəçisinin Mahaçqala klubuna keçidi üçün 6.5 milyon avroluq təklifə müsbət cavab veriblər.
Qeyd edək ki, Karlos zəngin karyeraya malikdi. O, ölkəsində “Uniao Sao Joao” və “Palmeiras” kimi klublarda top qovduqdan sonra, 1995-ci ildə İtaliyanın “Inter” klubuna transfer olub. Ardından karyerasını İspaniyanın “Real” klubunda davam etdirən və bütün dünyada məşhurlaşan Roberto “Corinthians”a qədər isə qardaş Türkiyənin “Fenerbahçe” klubunda forma geyirdi. İndi isə başqa qonşu ölkədə, özü də həmyerlilərimizin komandasında top qovacaq Karlos 2 dəfə Braziliya, 4 dəfə İspaniya, 1 dəfə dünya çempionu adını qazanıb. O, həmçinin 2 dəfə Amerika Kubokunun, 3 dəfə Çempionlar Liqasının və daha neçə-neçə kubokun qalibi adını qazanıb.
