13 fevral 2011 20:37
Arif Əsədov: Bu gün yenə risk etdik
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunun “Xəzər Lənkəran”la oyununa münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı qolsuz tamamlanan bu dəfəki “Böyük oyun”dan sonra bunları dilə gətirib:
“Bu oyun ətrafında böyük atmosfer var idi. İlk oyunlar həmişə çətin olur. Qış fasiləsindən yenicə qayıdırıq. Lakin bu günkü oyun yaxşı alındı. Deyə bilərəm ki, biz öz gücümüzün sadəcə 80 faizini meydanda qoya bildik. Düşünürəm ki, görüşün gedişindən hamı razı qaldı. Belə oyunlar nə qədər çox olsa, ölkə çempionatının səviyyəsi bir o qədər artar. Bu gün yenə risk edib, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov kimi gənclərə şans verdim. Onlar isə belə oyunlara hazır olduqlarını sübuta yetirdilər. Rəqibə gəlincə, "Xəzər Lənkəran" komplektləşmiş, güclü komanda təsiri bağışladı. Onlar liderliyə layiq komanda olduqlarını sübut etdilər. Ancaq rəqib komandayla müqayisədə biz topa daha çox sahib idik. "Xəzər Lənkəran"ın əks-hücumları çox təhlükəli idi. Havanın küləkli olması və meydançanın vəziyyəti futbolçulara daha yaxşı oyun göstərməyə mane olurdu”.
