14 fevral 2011 14:08
Onlar da XL-ın tarixinə düşdülər
Azərbaycan Premyer Liqasının 20-ci turunun “Neftçi” ilə oyununda 8 futbolçu “Xəzər Lənkəran”ın heyətində debüt etdi. Azerisport.az xəbər verir ki, Simao Bruno, Andrey Mureşan, Adrian Pit, Hristu Kyaku, Adrian Skarlatake, Julius Vobay, Elnur Abdullayev, Aleksandr Pitsurka karyeralarında ilk dəfə “ağ-yaşıl” formada meydana çıxdı.
Bu matçadək klubun tarixi ərzində 113 oyunçuya “Xəzər Lənkəran” formasında meydana çıxmaq nəsib olmuşdu. Debütantlar bu rəqəmi 121-ə çatdırdılar.
Bu oyunçulardan yalnız Elnur yerli futbolçudursa, digərləri legionerlərdi. Bu isə o deməkdi ki, “Xəzər Lənkəran”ın 7 illik tarixi ərzində 70 əcnəbi komandanın formasını geyib. Belə ki, “Neftçi” ilə qarşılaşmayadək 63 legioner bunu bacarmışdı. Bu görüşdə hamıdan gec – 90-cı dəqiqədə meydana çıxan Pitsurka “Xəzər Lənkəran” tarixinə yubiley – 70-ci legioner kimi düşdü.
Yeddi debütant legionerdən 5-i Rumıniyanı, 1-i Portuqaliyanı, 1-i isə Syerra-Leoneni təmsil edir. Afrika ölkəsindən olan Vobay klubun tarixinə ilk syerra-leoneli kimi düşüb. İndiyədək 25 ölkədən gələn futbolçulara güvənən komanda üçün bu ölkə 26-cı olub.
Simao isə Portuqaliyadan gəlmiş 2-ci futbolçudu. Rumıniyalı “5-lik” isə öz ölkələrinin “Xəzər Lənkəran” tarixindəki təmsilçilərinin sayına görə vahid liderliyə yüksəldib. Artıq rumıniyalılarımızın ümumi sayı 14-dü: Rumıniya – 14, Türkiyə - 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya, Portuqaliya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone – hərəsi 1.
