14 fevral 2011 14:36
Neftçi – Rid: 100 min dollarlıq qalmaqal
UEFA kubokunun 2007/08 mövsümünün “Neftçi” və Avstriya “Rid”i arasında baş tutan üçüncü təsnifat mərhələsinin oyunuyla bağlı maraqlı faktlar açıqlanmağa başlayıb. Azerisport.az xəbər verir ki, həmin oyunun bolqarıstanlı baş hakimi Xristo Ristoskov bəyan edib ki, sözügedən klublardan biri ona sərfəli nəticə müqabilində 100 min ABŞ dolları məbləğində rüşvət təklif edib.
Lakin Ristoskov həmin klubun dəqiq adını açıqlamayıb: “Bu Avrokubok oyunlarından biri idi. Mənə 100 000 ABŞ dolları təklif etdilər, ancaq mən dərhal bundan imtina etdim. Veselin Mişev və Yordan İvanov (həmin oyunda onun köməkçiləri olmuş hakimlər – red.) bilirlər mən nədən danışıram”.
Mişev özü isə bildirib ki, Ristoskovla yalnız bir oyunda – “Neftçi”ylə “Rid” arasındakı oyunda hakimlik edib: “Amma mən 100 min dollarla bağlı heç nə bilmirəm. “Neftçi” təkrar oyunda 2 top fərqiylə qalib gəlməliydi. Birinci hissədə onlar buna nail oldular. Amma fasilədən sonra qol buraxdılar, kapitanları isə qırmızı vərəqə alaraq meydandan qovuldu. Həmin oyunda Ristoskovun idarəçiliyi isə yüksək qiymətləndirildi”.
Ötən ilin aprel ayında Ristoskov Bolqarıstan Futbol Federasiyası tərəfindən ÇSKA və “Slaviya” arasındakı oyunda yol verdiyi səhvlərə görə 4 oyunluq cəzalandırılıb. Bir aydan sonra isə o, öz evinin yaxınlığında maskalı şəxslər tərəfindən döyülüb. Bu hadisə isə “Levski” və ÇSKA arasındakı oyundan sonra baş verib.
Lakin azerisport.az saytının əldə etdiyi məlumata görə, həmin oyunun fasiləsində hesab 2:0 olarkən “Neftçi” rəhbərliyindən biri hakimlər briqadasından bu hesabı qoruyub-saxlayacaqları halda, onlara 70 min ABŞ dolları təklif olunub. Lakin təklifdən imtina olunub. İkinci hissədə isə “Neftçi” hesabdakı üstünlüyünü qoruyub saxlaya bilməyib və Zaur Tağızadənin meydandan qovulması azmış kimi, buraxılan qol sayəsində növbəti mərhələyə çıxa bilməyib.
