14 fevral 2011 15:08
Uinston Parks: XL-ın əsl gücünü onda görəcəksiz
“Xəzər Lənkəran”ın kosta-rikalı hücumçusu Uinston Parks azerisport.az saytına müsahibəsində Premyer Liqanın 20-ci turunun “Neftçi” ilə oyunu və bir sıra başqa məqamlar haqda münasibətini açıqlayıb.
- Hər iki komanda bütün oyunboyu hücum etdi, lakin qol görmədik. Buna nə səbəb oldu?
- Hesab edirəm ki, bu oyun çempionatın ən yaxşı matçlarından biri olacaq. “Böyük oyun” həmişə diqqət mərkəzində olur. Bizi dətsəkləyən azarkeşlərimizin hər birinə təşəkkürümü bildirirəm. Bizim oyunumuz alınırdı. Sadəcə qol epizodlarından yararlana bilmirdik. Əlbəttə, səfərdən 1 xalla dönmək bizim üçün heç də pis nəticə deyil. Ancaq biz qələbə qazanmaq istəyrdik.
- Qələbə üçün nə çatışmadı?
- Bizim komandada çoxlu yeni futbolçu var və onların uyğunlaşması üçün vaxt lazımdı. Bu, fasilədən sonra bizim ilk rəsmi oyunumuz idi. Buna görə də bizə bir qədər də zaman lazımdı. Yeni futbolçular bütün güclərini sərf etdilər ki, komandaya faydalı olsunlar. Ancaq bəzi epizodlarda görünürdü ki, onlar hələ tam uyğunlaşmayıblar. Bütün bunlara baxmayaraq, düşünürəm ki, XL qələbəyə layiq idi. Biz iki xal itirdik.
- Ancaq “Neftçi” də pis oynamırdı...
- Rəqibimiz çempionatın lideridi və elə bunun özü hər şeyi deyirdi. Hesab edirəm ki, biz bərabər səviyyədə oynadıq. Evdə qələbə qazanmışdıq, səfərdə heç-heçə etdik. İki oyuna “Neftçi”dən 4 xal götürdük ki, bu da, normal nəticədi. Bizim hələ kubokda da görüşümüz var. Orda artıq dəqiq kimsə qalib olmalıdı. Çempionatda heç-heçə pis nəticə deyil. Ancaq kubokda qələbədn başqa çıxış yolu olmur.
- Hesab oyuna görə oldu?
- Əgər qol epizodlarını dəyərləndirə bilmirsənsə, özünü günahlandırmalısan. Hamı gördü ki, XL-ın nə qədər vəziyyətləri oldu. Təəssüf ki, hakim səhvləri də oldu. Baş hakim bir neçə epizodda yanlış qərarlar qəbul etdi. Bunu hamı gördü.
- Bu oyundan sonra “Neftçi” və “Xəzər Lənkəran”ın turnir cədvəlindəki mövqeyi dəyişməz qaldı...
- Çempionat davam edir. Komandamız ilk altılıqdakı yerini təmin edib və indi bizə mümkün qədər çox xal toplamaq lazımdı. Qarşımızdakı vəzifə dəyişməz olaraq qalır – çempionluğu və ölkə kubokunu qazanmaq. Fikrimcə, qarşıdakı oyunlarda biz istədiyimiz formanı yığa biləcəyik. Siz onda XL-ın əsl gücünü görəcəksiz. Çempionat hələ indi başlayır. Qarşıda bizi altılıq oyunları gözləyir – bax onda görəəcəyik kim daha güclüdü.
- Növbəti turdakı rəqibiniz AZA-dı...
- Aydın məsələdi ki, ev oyununda meydana ancaq qələbə üçün çıxacağıq. Biz iki xal itirdiyimizdən, növbəti oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq. Düşünürəm ki, son iki oyunumuz da çox çətin olacaq. Hər bir komanda ilk altılığa düşmək istəyir. Buna görə də son oyunlarımızda da maksimum gücümüzü ortaya qoymalıyıq.
