14 fevral 2011 16:26
Xəzər Lənkəran və Neftçi`nin transferləri özünü doğrultmayıb?
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Hansı klubun mövsümün əvvəlində həyata keçirdiyi transferlər özünü doğrultmadı” sualı ilə müraciət etdiyimiz oxucuların rəyi kifayət qədər maraq doğurur.
Məsələ burasındadı ki, respondentlərin 36 faizi “Xəzər Lənkəran”ın transferlərindən narazılığını dilə gətirib. Onların fikrincə, cari mövsümün ikinci pillədə gedən, liderdən cəmi 1 xal geridə qalan komandasının yaydakı transferləri heç də özünü tam doğrulda bilməyib.
Sorğuda iştirak edənlərin 27 faizi “Bakı”nın transfer siyasətinin düzgün olmadığını ifadə etməyə çalışıb ki, bunu hardasa normal hesab etmək olar. Axı ötən mövsümün gümüş mükafatçısı, kubokun sahibi hazırda heç ilk altılığa düşə bilməmək təhlükəsi ilə üz-üzədi.
Lakin “Xəzər Lənkəran”la yanaşı, Premyer Liqanın vahid lideri olan “Neftçi”nin də mövsümün əvvəlində həyata keçirdiyi transferlərdən narazı olanlar var. Belə ki, respondentlərdən 23 faizi də paytaxt klubunun gətirdiklərinin özünü doğrultmadığını iddia edir. Komanda birinci pillədə getməsinə rəğmən...
AZAL, “İnter”, “Qarabağ”, “Qəbələ” kimi klublarla yanaşı, digərlərinin də transferlərinin vurğulanmaması isə təəccüb doğurur. Axı əslində məhz həmin klublar bu gün heç də uğurlu çıxışıyla seçilmir.
